Deputat: Builki Münxen Konfransı da ölkəmiz üçün uğurlu nəticələrlə yadda qalacaq
Şuşa, 16 fevral, AZƏRTAC
Danılmaz həqiqətdir ki, hazırda dünyada həm siyasi, həm iqtisadi, həm də hərbi böhran yaşanan vaxtda Azərbaycan öz iqtisadiyyatını dirçəltməklə yanaşı, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı tikinti quruculuq işləri aparır, torpaqların minalardan təmizləməsi prosesini həyata keçirir. Eyni zamanda, Azərbaycan öz iqtisadi, hərbi qüdrətini, regionda və dünyada nüfuzunu artırır. Bu gün Avropanın enerji ilə təminatında əsas rollardan birini məhz Azərbaycan oynayır. Bütün bu uğurlara isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş, praqmatik siyasət nəticəsində nail olmuşuq.
Bunu Milli Məclisin deputatı Vüqar İskəndərov AZƏRTAC-a açıqlamasında deyib.
O qeyd edib ki, həm Prezident İlham Əliyevin nüfuzu, həm də Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul edilməsi özünü bir sıra mühüm beynəlxalq tədbirlər də göstərir: “Daha doğrusu nüfuzlu beynəlxalq tədbirlər zamanı Azərbaycana və dövlətimizin başçısı İlham Əliyevə xüsusi diqqətlə yanaşılır. Bu sırada Münxen Təhlükəsizlik Konfransını (MTK) xüsusilə qeyd etməliyik. Belə ki, builki Münxen Təhlükəsizlik Konfransına dəvət olunmuş az sayda dövlət başçılarından biri də məhz Azərbaycan Prezidentidir”.
V.İskəndərovun sözlərinə görə, hər ilin fevral ayında Almaniya Federativ Respublikasının ərazisinə görə ən böyük regionu olan Bavariya bölgəsinin inzibati mərkəzi Münxen şəhərində təşkil edilən Təhlükəsizlik Konfransı beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirə edildiyi dünyanın ən aparıcı forumu sayılır, qlobal səviyyədə ən vacib və aktual problemlər üzrə diplomatik təşəbbüslər üçün platforma rolunu oynayır. 1963-cü ildən keçirilən Münxen Təhlükəsizlik Konfransının əsas şüarı “Dialoq vasitəsilə sülh”dür. Təsisçisi Adolf Hitlerə qarşı alman müqavimət hərəkatının fəal üzvü və sonralar ölkənin aparıcı naşiri və siyasi xadimi Evald fon Klaystdır. O, təsis olunduğu ildən 1998-ci ilə qədər MTK-nın sədri vəzifəsini həyata keçirib. İlk onilliklərdə MTK əsasən alman siyasətçiləri və hərbçilərinin ABŞ və NATO üzv ölkələrindən olan həmkarları ilə fikir mübadiləsinin aparıldığı məkan idi. İştirakçıların coğrafi əhatəsi və müzakirə mövzularının genişliyi elə də böyük deyildi. Soyuq müharibənin başa çatması ilə Münxen Təhlükəsizlik Konfransı coğrafi əhatəsini genişləndirərək və ənənəvi “Qərb dünyası”ndan kənara çıxaraq Mərkəzi və Şərqi Avropa, Rusiya, daha sonra isə Azərbaycan da daxil olmaqla yeni müstəqillik qazanmış, Latın Amerikası, Asiya, Yaxın Şərq ölkələrini də öz dairəsinə cəlb etməyə başladı.
Deputat əlavə edib ki, Münxen Təhlükəsizlik Konfransının builki - sayca 59-cu görüşündə ənənəvi olaraq müasir xarici siyasət və beynəlxalq təhlükəsizliyin ən aktual məsələləri müzakirə ediləcək. Azərbaycan MTK-nın illik görüşlərində müntəzəm olaraq dövlət başçısı və ya digər səviyyələrdə fəal iştirak edir.
“Yuxarıda da qeyd etdiyim kimi builki Münxen Təhlükəsizlik Konfransına dəvət olunmuş az sayda dövlət başçılarından biri də Azərbaycan Prezidenti İlham Əliyevdir. Mən burada bir məsələnin üzərində xüsusi olaraq dayanmaq istəyirəm. Belə ki, Münxen Təhlükəsizlik Konfransı dedikdə Azərbaycan xalqının yaddaşına həmişəlik həkk olunmuş hadisə - 2020-ci ilin fevral ayında Konfrans çərçivəsində keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın dövlət başçısı və Ermənistanın baş naziri arasında keçirilmiş canlı debat gəlir. Azərbaycan və Ermənistan rəhbərləri arasında tarixdə ilk və indiyə qədər yeganə canlı efir debatı olduğu üçün ona maraq da çox böyük idi. Məlum olduğu kimi, həmin debatda dünyanın gözü qarşısında dövlətimizin başçısı tarixi faktlara, siyasi və beynəlxalq hüquqi sənədlərə əsaslanan tutarlı arqumentlərlə erməni tərəfinin əsassız və savadsız şərhlərinə cavab verdi, tarixi həqiqətin, beynəlxalq hüququn normalarının Azərbaycanın tərəfində olduğunu, dövlətimizin mövqeyinin üstünlüyünü nümayiş etdirdi, bununla da Ermənistanın və dünya erməniliyinin uzun illər ərzində apardığı təbliğata sarsıdıcı zərbə vurdu. Heç şübhəsiz, o tarixi debatda Prezident İlham Əliyevin iştirakı elə həmin ilin sonunda Azərbaycanın Vətən müharibəsində qalib gəlməklə öz torpaqlarını geri qaytardığı çətin və şərəfli yolun ən şanlı səhifələrindən biri idi”, - deyə V.İskəndərov vurğulayıb.
Deputat əmin olduğunu bildirib ki, builki tədbir də ölkəmiz üçün uğurlu nəticələrlə yadda qalacaq. Dövlətimizin başçısı Konfransın əsas proqramı çərçivəsində keçirilən “Enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masada və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə “Cənubi Qafqazda təhlükəsizlik” mövzusunda panel müzakirədə əsas natiq kimi çıxış edəcək.