SİYASƏT
Deputat: XXI əsr olmasına baxmayaraq, Fransa hələ də müstəmləkəçilik niyyətindən əl çəkə bilmir
Bakı, 13 mart, AZƏRTAC
XXI əsr olmasına baxmayaraq, Fransa hələ də müstəmləkəçilik siyasətini davam etdirir. Şimali Afrika ölkələrində əsrlərlə müsəlmanlara qarşı cinayətlər, qırğınlar törətmiş Fransa təkcə Əlcəzairdə 130 il yüzlərlə müsəlmanın qanını tökərək adını dünya tarixinin ən qəddar dövlətləri sırasına yazdırıb. Bu dövlətin cinayətləri Əlcəzairlə kifayətlənmədi, Burkina-Faso, Benin kimi ölkələrdə də kifayət qədər qəddarlıqlar, qırğınlar törətdi.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı Müşfiq Cəfərov söyləyib.
Deputat qeyd edib ki, Fransanın müstəmləkə siyasətinin əsasını bütün ölkələrdə yerli dili sıxışdıraraq fransız dilini dövlət dili etmək təşkil edib. Bu gün korsikalılar da fransız müstəmləkəçiliyindən əziyyət çəkənlər sırasındadır. Aralıq dənizinin şimalında yerləşən Korsikadan Parisə olan məsafənin 1253 kilometr olmasına baxmayaraq, Fransa bu ölkəni öz müstəmləkəsi hesab edir. XVIII əsrdən etibarən korsikalılar fransızlara qarşı mübarizə aparırlar. Əsrlərə söykənən bu mübarizədə hələ də təslim olmayan korsikalılar fransız dili kimi, öz ana dillərinin də rəsmi dövlət dili olması üçün mübarizəni daha da kəskinləşdiriblər. Korsika adasında demək olar hər addımbaşı fransızlara etiraz əlaməti olan yazılara rast gəlmək mümkündür.
“Fransa dövləti hər zaman özü kimi tarixi cinayətlərlə dolu olan Ermənistanı müdafiə edib. Ermənistanla Fransanı iqtisadi, siyasi məqsədlərlə yanaşı, həm də cinayətlər hesabına ərazi genişləndirmə siyasəti də birləşdirir. Fransa tarix boyu başqa torpaqlara daxil olaraq həm ərazisini genişləndirdiyi, həm də müsəlmanlara qarşı qırğınlar törətdiyi kimi, Ermənistan bu siyasəti yürüdüb.
“Çox təəssüf, tarixin ironiyasıdır ki, bu gün Azərbaycanı az qala Ermənistana qarşı “soyqırımı” törətməkdə ittiham edən əksər ölkələrin tarixləri cinayətlər və qanunsuz məskunlaşmalarla doludur. Müasir Fransanın siyasi və ictimai diskursunda müsəlman və qaradərili əhaliyə münasibətdə supremasist və irqçi meyillər getdikcə artmaqdadır. Ümid edirəm ki, beynəlxalq təşkilatların üzvü olan bu ölkələr müsəlmanlara qarşı bu gün də davam edən nifrətini dayandıracaqlar”, - deyə o qeyd edib.