DEPUTATLARIMIZ MÜZAKİRƏLƏRDƏ QƏTİYYƏTLİ MÖVQELƏRİNİ BİLDİRMİŞLƏR
İsveçli deputat Mats Einarssonun hazırladığı məruzədə Avropada baş vermiş müharibə və münaqişələr nəticəsində yüz minlərlə insanın həlak olduğu, öz doğma ocaqlarını tərk etdiyi, sərhədlərin dəyişdiyi və silah gücünə etnik təmizləmə aparıldığı xatırladılır.
Məruzəçi başı bəlalar çəkmiş xalqlar arasında uydurma “soyqırımına” məruz qalmış erməni xalqının da adını çəkmişdir.
Məruzə qızğın müzakirələr doğurmuşdur. Müzakirələrdə Milli Məclisin deputatı QƏNİRƏ PAŞAYEVA da çıxış edərək demişdir:
- Avropada belə bir xatirə mərkəzinin yaradılması hər hansı siyasi maraqlara deyil, ədalətə və obyektivliyə söykənmişdir. Əks halda, bu, Avropada yeni və çox ciddi narazılığın əsasını qoya bilər.
Mən məruzədəki bəzi məqamlara toxunmaq istəyir və xahiş edirəm ki, cənab Einarsson həmin məsələlərə diqqətlə yanaşsın.
Birincisi, XX əsrin əvvəllərində Avropanın müxtəlif bölgələrində və Osmanlı imperiyasında baş verən bəzi hadisələrə toxunulsa da, maraqlıdır ki, 1905 və 1918-ci illərdə Qafqazda baş verən hadisələr barədə bir cümlə də yazılmayıbdır. Amma həmin dövrdə nələrin baş verməsi ilə bağlı kifayət qədər geniş və hər kəsin oxuya biləcəyi arxiv materialları var. Həmin dövrlərdə Andranikin başçılıq etdiyi erməni silahlılarının azərbaycanlılara qarşı törətdiyi qətliamlar, on minlərlə azərbaycanlının öz tarixi vətənlərindən - indiki Ermənistan ərazisindən zorla qovulması və bu zaman minlərlə insanın həlak olması kimi məsələlərə toxunulmayıbdır.
Cənab Einarssonun məruzəsində deyildiyi kimi, biz baş verən hadisələrə gələcək nəsillər naminə ədalətli və qərəzsiz yanaşmalıyıq.
İkincisi, cənab Einarsson məruzəsində Stalin dövründə və ümumiyyətlə, Sovet İttifaqında baş verən deportasiyalara, məcburi əhali köçürülmələrinə toxunub və məruzədə buna məruz qalan millətlərin siyahısında azəbaycanlıların da adı çəkilir. Mən bunun üçün cənab Einarssona təşəkkür edirəm.
Bəli, Sovet İttifaqı zamanı azərbaycanlıların başı çox bəlalar çəkmişdir. Onun tanınmış ziyalılarının çoxu məhv edilib, deportasiyalara məruz qalıbdır.
1948-52-ci illərdə yüz mindən çox azərbaycanlı Ermənistan SSR-in rəhbərliyinin birbaşa təşəbbüsü və iştirakı, Stalinin də dəstəyi ilə tarixi vətənlərindən – Ermənistandan zorla Azərbaycana köçürülüblər.
Cənab məruzəçi keçmiş SSRİ arxivlərinə nəzər salsa, həmin dövrdə azərbaycanlıların başına gətirilən hadisələrlə bağlı ətraflı məlumat əldə edə bilərdi. Amma məruzədə bu barədə bir cümlə də yoxdur.
Digər bir məqam. Cənab Einarsson məruzəsində Avropada baş vermiş son etnik qarşıdurmalar kimi Balkanlardakı və Qafqazdakı hadisələri göstərir. Ermənistan-Azərbaycan müharibəsi etnik qarşıdurma deyil. Əgər cənab məruzəçi sovet arxivlərinə nəzər salsa görərdi ki, Sovet İttifaqının dağılması illərində, 1988-ci ildən başlayaraq, 250 mindən çox azərbaycanlı Ermənistandan öz tarixi yurd-yuvalarından zorla çıxarılıblar. Məhz azərbaycanlı olduqlarına görə! Minlərlə insan bu hadisələr zamanı həyatını itiribdir. İndi Ermənistan dövlətində bir nəfər də azərbaycanlı yaşamır. Bunun adı etnik təmizləmə deyilsə, bəs nədir? Amma təəssüf ki, məruzədə bu barədə bir kəlmə də deyilmir.
Azərbaycanlıların Ermənistandan zorla qovulması Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin başlanğıcı idi. Ermənistan rəhbərliyi bundan dərhal sonra bəzi xarici havadarlarının da dəstəyi ilə Azərbaycana qarşı təcavüzkarlıq siyasətinə başladı və Dağlıq Qarabağ ermənilərindən öz məqsədləri üçün istifadə edərək, onları Azərbaycanın əleyhinə qaldırdı.
Azərbaycan özünün ayrılmaz parçası olan Dağlıq Qarabağda ermənilərə bu gün Avropada milli azlıqların malik olduğu bütün hüquqları o zaman vermişdi. Dağlıq Qarabağ ən yüksək muxtariyyətə malik idi. Burada yaşayan ermənilərin ana dilində məktəbləri, universiteti, qəzetləri və s., bir sözlə hər şeyi vardı. Əgər SSRİ arxivlərinə baxsaq görərik ki, o zamankı Azərbaycan SSR-in başqa bölgələrinə nisbətən, Dağlıq Qarabağa ayrılan büdcə də kifayət qədər çox olubdur.
Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və əhalisinin 100 faizi azərbaycanlı olan daha 7 rayonunu - üst-üstə ərazisinin 20 faizini işğal etməsi, minlərlə günahsız insanın qətlə yetirilməsi, yüz minlərlə insanın öz doğma yurd-yuvasından köçkün düşməsi Avropanın gözləri qarşısında baş verən çox yaxın tarixdir.
Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, Avropa Şurası Parlament Assambleyasının 1416 saylı qətnaməsinə məhəl qoymayaraq, bu gün də işğalı davam etdirir.
Ermənistan silahlı qüvvələri Azərbaycanın Xocalı şəhərində soyqırımı həyata keçiriblər. Azərbaycan nümayəndə heyəti maraqlanan hər bir deputata erməni silahlı qüvvələrinin Xocalıda törədikləri vəhşiliklərin videogörüntülərini təqdim edə bilər. Bunları hadisədən sonra Qərbin nüfuzlu kütləvi informasiya vasitələri çəkiblər. Mən sizi əmin edirəm ki, o görüntülərə baxdıqdan sonra dəhşətə gələcəksiniz. Amma çox təəssüf edirəm ki, bu barədə məruzədə bir cümlə belə deyilmir! Xocalı soyqırımı zamanı 339 nəfər, o cümlədən 43 nəfər azyaşlı uşaq, 109 qadın, 60 yaşdan yuxarı 16 qoca kişi vəhşicəsinə qətlə yetirilmiş, 371 nəfər girov götürülmüş, 200 nəfər itkin düşmüş, 421 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Xocalı şəhəri tamamilə darmadağın edilmişdir.
Cənab məruzəçi, bu adi etnik qarşıdurma deyil, Ermənistanın azərbaycanlılara qarşı apardığı etnik təmizləmədir. Çünki azərbaycanlılar tərəfindən ermənilərə qarşı bu cür hallara heç vaxt yol verilməyibdir. Əgər belə olmasaydı, bu gün Azərbaycanda 30 min erməni yaşaya bilməzdi.
Ermənistan nümayəndə heyəti üzvünün 1988-90-cı illərdə Azərbaycandan ermənilərin zorla çıxarılmasına dair fikirləri isə yanlışdır. Ermənilər Azərbaycandan zorla çıxarılmayıblar, onlar öz mülklərini rahat şəkildə sataraq, Azərbaycanı tərk ediblər. Ermənistan nümayəndə heyətinin üzvləri və ya başqa deputatlar maraqlansalar, onlar üçün arxivləri aça bilərik. Ermənilərin bir hissəsinin həmin illərdə Azərbaycanı tərk etməsi isə normal haldır. Çünki ondan əvvəl Ermənistan rəhbərliyi Ermənistanda yaşayan bütün azərbaycanlıları ölkədən deportasiya etmiş və Dağlıq Qarabağın işğal olunması ilə bağlı proseslərə başlamışdı. Təbii olaraq, bu zaman Azərbaycandakı ermənilərin bir hissəsi gələcəkdə Azərbaycanda yaşamağın çətin olacağını dərk etmişlər. Amma bunun məsuliyyəti Azərbaycanın yox, Ermənistan dövlətinin üzərinə düşür. Çünki Ermənistan bu ölkədə yaşayan azərbaycanlıları deportasiya etməsəydi və Azərbaycan ərazilərini işğal etməyə başlamasaydı, ermənilərin bir hissəsi Azərbaycanı tərk etməzdi.
Amma məruzədə bu məsələdə də yanlışlıq var. Ermənistana gedən erməni qaçqınların sayı göstərilsə də, Ermənistandan Azərbaycana gələn azərbaycanlı qaçqınların sayı göstərilmir. Azərbaycanda, sadəcə, məcburi köçkünlərin sayı göstərilir. Amma bunlar tamamilə fərqli anlayışlardır. Məcburi köçkünlər işğal olunmuş Azərbaycan ərazilərindəki yurd-yuvalarından didərgin düşənlərdir. Ona görə də mən məruzəçidən ədalət naminə məruzədə 1988-ci ildən etibarən Ermənistandan qovulan 250 mindən çox azərbaycanlı qaçqınla bağlı məsələni vurğulamasını xahiş edirəm.
X X X
Həmin gün “Kütləvi informasiya tərəfindən sığınacaq istəyənlərə, qaçqınlara və miqrantlara dair yazıların verilməsi” məsələsi də müzakirəyə çıxarılmışdır.
Bu məsələ ilə bağlı italiyalı deputat Tana de Zulueta məruzə etmişdir. Müzakirələr zamanı Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxış edərək demişdir ki, dünyada olan 15 milyona yaxın qaçqın-köçkünün bir milyonu Azərbaycandadır. 8,5 milyonluq əhalinin bir milyonunun qaçqın və məcburi köçkünə çevrilməsi Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmışdır. Bu gün Avropa mətbuatında bir milyonluq azərbaycanlı qaçqın və məcburi köçkün barədə yazılara rast gəlinmir, hətta onların hansı səbəbdən bu vəziyyətə düşmələrinə belə toxunulmur.
Məsələ ətrafında deputat QƏNİRƏ PAŞAYEVANIN çıxışı maraqla qarşılanmışdır. O demişdir:
- Avropanın bir çox mətbuat və media qurumlarının bu məsələ ilə bağlı tutduğu mövqe narahatlıq doğurmaya bilməz. Mətbuat orqanlarında və televiziya kanallarında tez-tez cəmiyyətin sığınacaq axtaran şəxslərin, miqrantların və qaçqınların əleyhinə qaldırılmasının şahidi oluruq. Onların Avropanı zəbt etməsi kimi populist proqramlar və bir çox siyasətçilərin bu cür qızışdırıcı çıxışları narahatlıq doğurmaya bilməz. Miqrantların, sığınacaq axtaranların və qaçqınların Avropaya axınının bundan sonra da davam edəcəyi, onların yerlilərin iş yerlərini əlindən alacağı kimi düşüncələrin əks olunduğu bu cür məqalələr, proqramlar və çıxışlar cəmiyyəti miqrantların əleyhinə qaldırır, onlara qarşı düşmənçilik və ksenofobiyanı artırır. Beləliklə, həmin şəxslərlə düşdükləri cəmiyyət arasında uçurum yaranır ki, bu da sürətli inteqrasiyaya mane olur.
Bəli, mətbuat və media miqrantların, sığınacaq axtaranların və qaçqınların həyatında, cəmiyyətə inteqrasiyasında mühüm rol oynayır. Mətbuat bu insanların yaşadıqları cəmiyyətə verdiyi müsbət töhfəni diqqətə çatdırmalıdır. Amma biz bunu çox az hallarda görə bilərik. Çox təəssüf ki, Avropanın bəzi ölkələrində cəmiyyətin miqrantlar, sığınacaq axtaranlar və qaçqınların əleyhinə qaldırılması ilə məşğul olan mətbuat və media orqanlarını siyasi qüvvələr dəstəkləyirlər. Bu isə problemi daha da dərinləşdirən bir amildir.
Avropada bu zəmində yarana biləcək mənfi halların qarşısını almaq üçün, hesab edirəm ki, biz məruzəçinin qətnamə layihəsində göstərdiyi bütün tədbirləri dəstəkləməklə yanaşı, həm Assambleya çərçivəsində, həm də öz ölkələrimizdə ciddi işlər görməliyik.
Azərbaycanda bu məsələyə xüsusi diqqət yetirilir. Mətbuat və mediada sığınacaq axtaranlar, miqrantlar və qaçqınların cəmiyyətə inteqrasiyasına kömək edən proqramlar üstünlük təşkil edir. Bundan başqa, KİV qurumları bilir ki, irqçiliyə, ayrı-seçkiliyə, ksenofobiyaya səbəb ola biləcək məlumatların və ya proqramların yayılması qanunla qadağandır. Ona görə də miqrantlar, sığınacaq axtaranlar və qaçqınlarla bağlı məqalə və proqramlara xüsusi həssaslıqla yanaşırlar.
Mən düşünürəm ki, biz mətbuat və media qurumlarını miqrantlar, sığınacaq axtaranlar və qaçqınlarla bağlı məlumat, məqalə və proqramlara daha həssas yanaşmaya çağırmaqla bərabər, üzv ölkələrdə, lazım gəlsə, hətta qanunlarla buna qarşı sərt mübarizə aparmalıyıq. Ən azı Avropanın gələcəyi naminə!