Dilçilik İnstitutunun Elmi şurasının illik hesabatı dinlənilib
Bakı, 6 dekabr, AZƏRTAC
Dekabrın 6-da Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Elmi şurasının 2023-cü il üçün illik hesabatı dinlənilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. İclası açan Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli elmi müəssisədə tədqiqat işlərinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”na müvafiq olaraq yerinə yetirildiyini və başa çatdırıldığını diqqətə çatdırıb.
İnstitutun elmi katibi filologiya elmlər doktoru Aynel Məşədiyeva 2023-cü ildə görülən işlər barədə geniş hesabatla çıxış edib. O bildirib ki, il ərzində institut əməkdaşları 1 istiqamət, 14 problem, 20 mövzu, 100 iş üzərində tədqiqat aparıblar.
Qeyd edilib ki, 2023-cü ildə institutda “Heydər Əliyevin dil siyasəti və ana dilinin müasir problemləri”, “Qərbi Azərbaycan toponimləri” mövzusunda respublika elmi konfransları keçirilib.
Nadir Məmmədlinin “İşgüzar və akademik kommunikasiyada nitqə verilən tələblər və funksional üslublar”, Əbdürrəhim Ərdəbilli Şirvaninin “Məzhər-üt-türki” (tərtibçi Nadir Məmmədli) və Sayalı Sadıqovanın “Azərbaycan terminoqrafiyasının konseptual əsasları” kitabları il ərzində ən mühüm elmi nəticələr kimi qiymətləndirilib.
İclasda, həmçinin institutda keçirilmiş sessiyalar, seminarlar, yubileylər, beynəlxalq görüşlər və yeni nəşrlər haqqında məlumatlar da diqqətə çatdırılıb.
Tədbirdə çıxış edən akademik Nizami Cəfərov institutun illik hesabatını yüksək qiymətləndirib. Vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı institut əməkdaşlarının kitabları, məqalələri çap olunub. Dilçilik İnstitutunun ictimai, siyasi vəzifələri yerinə yetirilib. Qərbi Azərbaycan toponimləri ilə bağlı qiymətli işlər görülüb. Nizami Cəfərov vurğulayıb ki, türk dillərinin müqayisəli qrammatikası, lüğətlərinin yazılması da vacib məsələdir.
Tədbirdə professorlar Sayalı Sadıqova, Sevil Mehdiyeva və İsmayıl Kazımov, dosentlər Baba Məhərrəmli, Təranə Şükürlü, Elçin İsmayılov hesabatla bağlı fikirlərini bildiriblər.