DİM imtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibəyə başlayır
Bakı, 6 dekabr, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) imtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə və təlimlərə başlayır.
DİM-dən AZƏRTAC-a bildirilib ki, müsahibələrə dekabrın 4-dək DİM-in saytında qeydiyyatdan keçmiş 634 yeni namizəd dəvət olunacaq.
Mərkəzin məsul əməkdaşları tərəfindən aparılacaq müsahibələr DİM-in inzibati binasında (ünvan: Bakı şəhəri, akademik Həsən Əliyev küçəsi, 299) və regional bölmələrində təşkil olunacaq.
Müsahibənin keçiriləcəyi gün, saat və ünvan namizədə elektron anketdə daxil etdiyi e-poçt və ya mobil telefon nömrəsi vasitəsilə bildiriləcək.
Namizədlər müsahibəyə aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
1. Şəxsiyyət vəsiqəsi və surəti;
2. Buraxılış rejimini aparan əməkdaşın anketi (DİM-in saytında elektron anket təsdiq edildikdən sonra çap edilərək namizəd tərəfindən imzalanır);
3. İş yerindən arayış (iş yeri olduğu halda);
4. Bank rekvizitləri (aid olduğu bankdan möhürlü kağız formasında alınmalıdır);
5. Təhsil haqqında sənədin əsli və surəti;
6. Məhkumluğun olmamasına dair arayış;
Təqdim edilmiş məlumatlar müvafiq dövlət qurumlarının elektron informasiya bazalarında yoxlanılacaq və hər hansı uyğunsuzluq aşkar edilərsə, namizədin müraciəti ləğv olunacaq.
Müsahibədən uğurla keçənlər müvafiq təlimə cəlb olunacaqlar.
Müsahibə və təlimlər ödənişsizdir.