DNEPR SAHİLLƏRİNDƏ DÖRDULDUZLU “KASPİ” HOTELİ AÇILMIŞDIR
Hotelin açılış mərasimində Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev, Dnepropetrovsk şəhər dövlət administrasiyasının başçısı İvan Kliçenko və başqaları iştirak etmişlər. Səfir bildirmişdir ki, belə əlamətdar hadisələr xalqlarımız və ölkələrimiz arasında, o cümlədən regionlararası səviyyədə münasibətləri möhkəmləndirir. Diplomat Dnepropetrovsk vilayətinin Azərbaycan üçün əhəmiyyətini vurğulayaraq xatırlatmışdır ki, burada istehsal olunan borularla verilən mavi yanacaq Naxçıvan sakinlərinin mənzillərini qızdırır.
İ.Kliçenko Dnepropetrovsk vilayətinin inkişafına səmərəli təsir göstərən, sıx birləşmiş, mütəşəkkil Azərbaycan diasporunun bölgədə iş yerlərinin yaradılmasında rolunu yüksək qiymətləndirmişdir. O bildirmişdir ki, Azərbaycan və yəhudi diasporları fəallığına görə regionda öndə gedirlər.
Mərasimdə Dnepropetrovsk Azərbaycanlıları liqasının fəxri sədri Hafiz Aslanovun və diasporumuzun digər liderlərinin ünvanına çoxlu səmimi sözlər deyilmişdir.