Domodedovo şəhəri 45 illik yubileyini qeyd edib
1969-cu ildə RSFSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Domodedovo Podolsk rayonunun şəhər tipli qəsəbəsi statusundan çıxaraq vilayət tabeli şəhərə və Domodedovo rayonunun mərkəzinə çevrilib.
Bayram münasibətilə şəhərin sakinləri və qonaqları “Avanqard” stadionunda keçirilən İdman Gününə dəvət olunublar. Domodedovo mərkəzi meydanında, “Yoloçki” parkında və “Aviator” stadionunda bayram tədbirləri keçirilib.
Domodedovo şəhər dairəsinin başçısı Leonid Kovalyovski şəhər sakinlərini bayram münasibətilə təbrik edərək onlara doğma şəhərin tərəqqisi naminə çalışmağı arzu edib.
Sonra əmək fəaliyyətində və ictimai fəaliyyətdə müvəffəqiyyətlərə görə istehsalat qabaqcıllarını, müəssisə və təşkilat işçilərini ənənəvi təltifetmə mərasimi olub. Əmək veteranlarına “Domodedovo rayonunun fəxri sakini” lentləri təqdim edilib. Şəhərin Azərbaycan diasporunun nümayəndələri də mükafatlardan kənarda qalmayıblar. “PKF-Günay” MMC-nin kommersiya direktoru, Ümumrusiya Azərbaycan Konqresinin Moskva vilayət bölməsinin icraçı direktoru Araz Mürsəliyev uzun illər səmərəli əməyinə və fəal həyat mövqeyinə görə Moskva Vilayət Dumasının sədri İqor Brıntsalov adından fəxri fərmanla təltif edilib. Mükafatı Vilayət Dumasının deputatları Aleksandr Naumov və Vyaçeslav Krımov təqdim ediblər. Onlar şəhərin və vilayətin inkişafında Azərbaycan diasporunun mühüm rol oynadığını qeyd ediblər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva