İQTİSADİYYAT
Dövlət Sığorta Kommersiya Şirkətinin ləğvi onun öhdəliklərinin yerinə yetirilməsinə mane olmayacaq
Bakı, 3 fevral, AZƏRTAC
Dövlət Sığorta Kommersiya Şirkətinin ləğvi onun öhdəliklərinin yerinə yetirilməsinə mane olmayacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin və Azərbaycan İnvestisiya Holdinqinin (AİH) birgə məlumatında bildirilir.
Qeyd edilib ki, 2022-ci ildə Dövlət Sığorta Kommersiya Şirkətinin hərbi qulluqçuların və hüquq-mühafizə orqanları əməkdaşlarının dövlət icbari şəxsi sığortasından ibarət olan əsas fəaliyyəti və səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsindən sonra şirkətin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində bir sıra addımlar atılsa da, onun olduqca yüksək rəqabət mühiti ilə xarakterizə olunan daxili sığorta bazarında xüsusi çəkisi azalıb, özəl sığorta şirkətlərinə münasibətdə xüsusi üstünlüklərə malik olmaması səbəbindən rentabelli fəaliyyətinin təmin edilməsi mümkün olmayıb, nəticədə şirkətin təsisçisi olan dövlətin maliyyə itkilərilə qarşılaşması riskləri artmışdı.
Yaranmış vəziyyəti nəzərə alan şirkətin menecmenti tərəfindən şirkətin Direktorlar Şurasına və Azərbaycan İnvestisiya Holdinqinə (AİH) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq şirkətin könüllü qaydada ləğv edilməsi barədə müraciət olunub. Həmin müraciət AİH və Şirkətin Direktorlar Şurası tərəfindən təhlil edilərək dəstəklənib və AİH-nin Müşahidə Şurasına təqdim olunub.
AİH-nin Müşahidə Şurası təqdim olunmuş təklifə baxaraq şirkətin könüllü qaydada ləğvi ilə bağlı Azərbaycan Prezidenti qarşısında vəsatət qaldırıb və Azərbaycan Prezidentinin 2024-cü il 31 yanvar tarixli Fərmanı ilə şirkət ləğv edilib.
Şirkətin könüllü ləğvi ilə əlaqədar Maliyyə Nazirliyi və AİH-nin nümayəndələrindən ibarət ləğvetmə komissiyası yaradılacaq və sığorta fəaliyyəti üzrə şirkətə verilmiş lisenziyasının ləğvi üçün Mərkəzi Banka müraciət ediləcək.
Qarşıdakı dövrdə ləğvetmə prosesi çərçivəsində şirkətin mövcud sığorta portfeli üzrə bildirilən sığorta iddiaları operativ şəkildə tənzimlənəcək, kreditorlar qarşısında bütün öhdəliklər təmin ediləcək.
Şirkətin ləğv edilməsi öz vəsaitləri və təkrarsığorta təminatları hesabına tam təmin ediləcək və dövlət büdcəsi üçün əlavə maliyyə yükü yaranmayacaq.