Dövlət Xidmətinin rəhbərliyi anım mərasimlərində iştirak edib
Bakı, 27 sentyabr, AZƏRTAC
Qırx dörd günlük Vətən müharibəsinin başlanmasının ildönümü ərəfəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov və xidmətin rəhbər heyəti İkinci Şəhidlər xiyabanını ziyarət edib.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, respublikamızın müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının xatirəsi anılıb, məzarları ziyarət edilərək üzərilərinə gül dəstələri düzülüb və şəhid ailələrinə başsağlığı verilib.
Sentyabrın 27-də isə Xidmətin şəxsi heyəti Bakıda inşası davam etdirilən Zəfər parkını ziyarət edib, parkın girişində olan xatirə daşının üzərinə gül dəstələri qoyublar. Həmçinin saat 12:00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.