Dövlətlərarası elmi-praktik konfransda epizootik sabitliyin qorunması müzakirə olunub
Bakı, 1 dekabr, AZƏRTAC
Moskvada epizootik sabitliyin təmin olunmasına dair dövlətlərarası elmi-praktik konfrans keçirilib. Konfransda ölkəmizi kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov təmsil edib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “Timirzayev Mərkəzi” elmi sərgi kompleksinin bazasında təşkil olunan konfransın əsas məqsədi heyvanlar arasında yayıla biləcək xüsusi təhlükəli xəstəliklərlə mübarizənin təşkilində müasir üsulların tətbiqi ətrafında müzakirələr aparmaqdan ibarət olub.
Konfransda çıxış edən nazir müavini bildirib ki, epizootik sabitliyi qorumaq hər bir ölkənin qarşısında dayanan strateji məqsədlərdən biridir. Aqrar sektorun dayanıqlı inkişafı, ərzaq təhlükəsizliyi, ixrac potensialının artırılması, xüsusilə də əhalinin sosial rifah və təhlükəsizliyi heyvan sağlamlığından kifayət qədər asılıdır. Ona görə də Azərbaycanda baytarlıq xidmətinin daha da inkişafına, bu sahədə innovativ texnologiyaların tətbiqinə, beynəlxalq əməkdaşlığa və müasir tələblərə uyğun milli standartların işlənib hazırlanmasına üstünlük verilir.
Nazir müavini qeyd edib ki, indi heyvan sağlamlığı baxımından əsas diqqət təkcə ənənəvi xəstəliklərin qarşısını almağa deyil, həm də bu sahədə meydana çıxan yeni çağırışlara köklənib. İqlim dəyişikliyi, transsərhəd xəstəliklərin artması kimi amillər bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsini, müasir təcrübələrin paylaşılmasını, diaqnostika və profilaktika prosesində innovativ üsulların tətbiqini, nəzarət mexanizmlərinin gücləndirilməsini tələb edir. O, elmi-praktik konfransın təcrübə mübadiləsi, yeni yanaşmaların öyrənilməsi, müasir texnologiyaların müzakirəsi və peşəkar əlaqələrin qurulması baxımından mühüm platformaya çevriləcəyinə ümidvar olduğunu bildirib.
Konfransda çıxış edən ayrı-ayrı ölkələrin nümayəndələri xüsusi təhlükəli heyvan xəstəliklərinin yeni serotiplərinin doğurduğu təhlükə, heyvan sağlamlığının təmin olunmasında tətbiq olunan üsullar, yeni innovativ üsulların effektivlik göstəriciləri və digər mövzular ətrafında fikirlərini bölüşüblər.
Nazir müavini Elçin Zeynalov elmi-praktik konfrans çərçivəsində Rusiya Federasiyasının kənd təsərrüfatı naziri Oksana Lut ilə görüş keçirib. Tərəflər aqrar sahədə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsinin artırılması mövzularının müzakirə ediblər. Rusiya tərəfi Azərbaycana taxıl, maye və kərə yağı, dəniz məhsulları, həmçinin gübrə ixracının artırılmasında maraqlı olduğunu ifadə edib.
Tərəflər toxumçuluq və seleksiya işinin təşkili, epizootik rifahın təmin olunması, baytarlıq məhsullarının ixracı mövzuları ətrafında da fikir mübadiləsi aparıblar.