DQİDK sədri Gürcüstan parlamentində və xarici işlər nazirliyində görüşlər keçirib
Tbilisi, 26 sentyabr, AZƏRTAC
Tbilisidə səfərdə olan Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı sentyabrın 26-da Gürcüstan parlamenti sədrinin müavini, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Arçil Talakvadze və İnsan Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Mixeil Sarjveladze ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətləri, dinlərarası və mədəniyyətlərarası dialoqun əhəmiyyəti diqqət mərkəzində olub.
Bildirilib ki, ölkələrimiz arasında həmişə yaxşı, dostluq münasibətləri, əməkdaşlıq olub. Dinlərarası və mədəniyyətlərarası dialoq hamı üçün vacibdir.
Tərəflər həmçinin dini azadlıq və insan hüquqlarının müdafiəsinin daha yaxşı standartlarını təmin edəcək istiqamətləri müzakirə ediblər.
DQİDK sədri elə həmin gün Gürcüstan xarici işlər nazirinin müavini Vladimir Konstantinidi və Diasporla Əlaqələr Departamentinin rəhbəri Muxran Qulaqaşvili ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Gürcüstan arasında əməkdaşlığın bütün sahələrdə inkişaf etdirilməsinin vacibliyi qeyd olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi