DÜNYA BANKI İLƏ KREDİT MÜQAVİLƏSİ İMZALANMIŞDIR
Oktyabrın 17-də Azərbaycan hökuməti ilə Dünya Bankı arasında İnstitusional Quruculuğa Texniki Yardım layihəsi (İBTA-2) üzrə kredit müqaviləsi bağlanmışdır. Müqaviləni Azərbaycan tərəfdən iqtisadi inkişaf naziri Fərhad Əliyev, Dünya Bankı adından bu maliyyə qurumunun Azərbaycandakı nümayəndəsi Əkbər Noman imzalamışlar.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, müqaviləyə görə, Dünya Bankı Azərbaycana 9,45 milyon ABŞ dolları həcmində vəsait ayrılacaqdır. Kreditin 35 il müddətinə illik (birinci 10 il müddətində ödənilməmək şərtilə) 0,75 faiz kredit dərəcəsi ilə ayrılması nəzərdə tutulur. Bu vəsait xəzinədarlıq əməliyyatlarının avtomatlaşdırılması (2,85 milyon dollar), Satınalmalar haqqında Qanunun icrasına (0,075 milyon dollar) və Hesablama Palatasının modernləşdirilməsinə yardım edilməsi (0,8 milyon dollar), yoxsulluğun azaldılmasına yönəlmiş xərclərin monitorinqi (0,4 milyon dollar), Dövlət İnvestisiya Proqramının hazırlanması (0,3 milyon dollar), təhsil və səhiyyə sektorlarında yoxsulluğun azaldılması üzrə Dövlət Proqramına uyğun olaraq, yoxsulluğun azaldılmasına ünvanlanmış xərclərin gücləndirilməsi məqsədi ilə orta müddətli proqramların hazırlanması (0,5 milyon dollar), kommunal sektorda şəffaflıq və maliyyə intizamı (1,1 milyon dollar), biznes mühitinin gücləndirilməsi (1,17 milyon dollar), qazpaylayıcı və supaylayıcı şəbəkələrin özəlləşdirilməsinə texniki və hüquqi məsləhətçilərin cəlb edilməsi (0,8 milyon dollar) və s. layihələrə sərf olunacaqdır.
Ümumiyyətlə, Dünya Bankı ilə Azərbaycan Respublikası arasında 1992-ci ildən başlanmış və son illərdə daha da genişləndirilmiş əməkdaşlıq çərçivəsində indiyədək ölkəmizə 531 milyon ABŞ dolları həcmində vəsait ayrılmışdır. Bu vəsait struktur dəyişikliklərinin aparılmasına, Bakının su təchizatının yaxşılaşdırılmasına (sutəmizləyici qurğuların, regional su-nasos stansiyalarının yenidən qurulması, istehsalat bazalarının inşası və texniki təminatı), Abşeron Regional Səhmdar Su Cəmiyyətinin texniki təchizatına, suvarma-denaj infrastrukturunun bərpasına, kənd təsərrüfatının inkişafı və kreditləşdirilməsinə, təhsil sistemində tədris proqramlarının və dərsliklərin hazırlanmasına, işğaldan azad olunmuş və müharibədən zərər çəkmiş ərazilərdə texniki və sosial infrastruktur obyektlərinin bərpası, yenidən qurulması və köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, tarixi və mədəniyyət abidələrinin bərpasına, İnstitusional Quruculuğa Texniki Yardım layihəsinin və başqa layihələrin həyata keçirilməsinə yönəldilmişdir.
Bundan başqa, Dünya Bankının nümayəndələri “Yoxsulluğun azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı”nın hazırlanmasında, eləcə də bir sıra dövlət proqramlarının işlənməsində iştirak etmişlər. Dünya Bankı Proqramın icrasında da iştirak edəcəkdir. Bankın dəstəyi ilə Xarici İnvestisiya üzrə Məsləhət Xidmətləri Agentliyi (FİAS) tərəfindən Azərbaycanda investisiya mühitinin diaqnostik tədqiqatı aparılmışdır. Bu yaxınlarda tədqiqatların nəticələrinin təqdimatının keçirilməsi nəzərdə tutulur.
2003-cü ililn martında Dünya Bankının yardımı ilə Bakıda Azərbaycanın investisiya imkanlarına həsr olunmuş beynəlxalq konfrans keçiriləcəkdir.