DÜNYA GƏNCLƏRİNİN 4-CÜ MƏŞĞULLUQ SAMMİTİ BAKIDA KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, dünya gənclərinin 4-cü məşğulluq sammiti 2008-ci ilin sentyabrında Bakıda keçiriləcəkdir.
Bununla bağlı Misir Ərəb Respublikası İsgəndəriyyə kitabxanasının direktoru, Dünya Gənclərinin Məşğulluq Sammiti (DGMS) idarə heyətinin üzvü İsmayıl Serageldinin Gənclər və İdman Nazirliyində görüşü olmuşdur.
Nazir müavini İntiqam Babayev ölkəmizdə gənclərin məşğulluğunun təmin olunması sahəsində bir sıra layihələrin həyata keçirildiyini, gənclərin məşğulluğunun təmin edilməsi sahəsində Milli Fəaliyyət Planının hazırlandığını söyləmişdir.
İsmayıl Serageldin bildirmişdir ki, bütün dünyada gənclərin məşğulluğunun təmin olunması məqsədi ilə sammitlər keçirilir. Əsas məqsəd gənclərin işsizlik və səmərəli məşğulluq problemlərinin həlli istiqamətində dünyada daha fəal işlərin görülməsidir. Gənclər arasında işsizliyin aradan qaldırılması, onların məşğulluğunun təmin edilməsi, habelə təşəbbüskar gənclərə geniş imkanların yaradılmasında bu sammitlər çox mühüm rol oynayır. Ötən il Keniyada keçirilən sammitdə dünya gənclərinin növbəti 4-cü Məşğulluq Sammitinin Bakıda keçirilməsi qərara alınmışdır.
Sammitlərin tarixinə qısaca nəzər yetirən İ.Serageldin demişdir ki, Bakıdakı sammit gəncləri bir-birinə daha da yaxınlaşdıracaq, onların təcrübə qazanmasına şərait yaradacaqdır.
Daha sonra “DGMS Azərbaycan-2008” sammitinin rəsmi veb-saytı təqdim edilmişdir. Sammitlə bağlı bütün məlumatlar http://www.yesweb.org/yes2008/ saytında yerləşdirilmişdir.
Qeyd edək ki, Bakıdakı sammitə 100-dən çox ölkədən 600 nümayəndənin gələcəyi gözlənilir.