MƏDƏNİYYƏT
Dünya Turizm Təşkilatının növbəti sessiyası Daşkənddə keçiriləcəkdir
Bakı, 9 iyun (AZƏRTAC). Dünya Turizm Təşkilatının (UNWTO) növbəti 99-cu sessiyası oktyabr ayında dünyanın ən qədim şəhərlərindən birində - Daşkənddə keçiriləcəkdir.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Özbəkistanda keçiriləcək sessiya “Böyük İpək Yolu üzrə turizmin inkişafı” beynəlxalq layihəsinin iştirakçısı olan ölkələrin Səmərqənd Bəyannaməsini qəbul etmələrinin 20 illiyinə həsr olunmuşdur.
“Özbəkturizm” Milli Şirkəti 1994-cü ildə BMT və UNESCO-nun himayəsi ilə Daşkənddə “İpək yolu” adlı beynəlxalq seminar keçirmişdir. Registan meydanında keçirilən səyyar iclasda “İpək yolu” beynəlxalq turizm marşrutu layihəsinin iştirakçısı olan ölkələrin Səmərqənd bəyannaməsi qəbul edilmişdir.
Özbəkistan BMT-nin Dünya Turizm Təşkilatına 1993-cü ildə daxil olmuşdur. 2004-cü ildən Səmərqənddə UNWTO-ya dəstək ofisi fəaliyyət göstərir. “Böyük İpək Yolu” transkontinental layihəsinin icrası çərçivəsində 1994-cü ildən başlayaraq hər il Daşkənddə “İpək yolunda turizm” beynəlxalq turizm yarmarkası keçirilir.
Hazırda Özbəkistanda təqribən 800 turizm müəssisəsi, o cümlədən 500 mehmanxana və kempinq, 300 turizm şirkəti fəaliyyət göstərir.