Dünya valyuta bazarlarındakı qeyri-sabitlik manatın məzənnəsinə necə təsir göstərir?
Bakı, 1 dekabr, AZƏRTAC
Valyuta bazarlarında və birjalarda daim dəyişkənlik hökm sürür: hər gün müxtəlif valyutaların bir-birinə nisbətdə dəyəri artır və ya azalır. Bu, birja mexanizminin təbii prosesidir və bazarlarda hər gün milyardlarla dollarlıq əməliyyatlar həyata keçirilir. Bu səbəbdən Azərbaycan manatı dollara fiks olunmuş məzənnə ilə tənzimlənir.
İqtisadçı ekspert Xalid Kərimli AZƏRTAC-a açıqlamasında bildirib ki, dollar bu ilin əvvəlindən etibarən ucuzlaşıb.
Onun sözlərinə görə, dolların ucuzlaşmasının əsas səbəblərindən biri Amerika Mərkəzi Bankının (FED) faiz dərəcələrini daha sürətlə endirəcəyi ilə bağlı gözləntilərdir: “Digər səbəb isə qlobal ticarət gərginliyidir. Bu amillər dolların digər valyutalar qarşısında dəyər itirməsinə səbəb olur”.
Ekspert bildirib ki, dolların ucuzlaşması təkcə manatın deyil, avro, funt-sterlinq, rubl və digər valyutaların məzənnələrinə də təsir edir.
“Məsələn, ilin əvvəlində 1 avro 1,03 dollar olduğu halda hazırda 1 avro 1,15 dollardır. Bu isə avronun dollar qarşısında təxminən 12–13 faiz bahalaşması deməkdir. Dollar ucuzlaşarkən manat da dollarla birlikdə dəyər itirmiş olur. Manatın ucuzlaşması nominal effektiv məzənnənin azalmasına gətirib çıxarır ki, bunun nəticəsində idxal olunan məhsulların qiyməti artır, idxal inflyasiyası güclənir və ölkə daxilində ümumi inflyasiya səviyyəsi yüksəlir”, - deyə Xalid Kərimli vurğulayıb.
Sahibkarların valyuta risklərinin idarə olunmasına toxunan Xalid Kərimli qeyd edib ki, manatın dollara fiks olunması biznes üçün böyük üstünlük yaradır, sahibkarların işini çox asanlaşdırır: “Çünki bu halda sahibkarlar məzənnədə kəskin və tez-tez dəyişikliklərin olmayacağından əmin olurlar. Manatın dollarla birlikdə ucuzlaşması dövlətin valyuta ehtiyatlarına da müsbət təsir göstərir. Belə ki, idxalın bahalaşması ölkədən çıxan valyuta axınını azaldır, ixracın ucuzlaşması isə qeyri-neft məhsullarının rəqabət qabiliyyətini artırır. Nəticədə qeyri-neft ixracı üçün əlavə imkanlar yaranır və bu proses ölkənin valyuta ehtiyatlarının artmasına müsbət təsir göstərir”.