Dünyada baş verən hadisələr göstərir ki, beynəlxalq təsisatlar öz vəzifələrinin öhdəsindən gələ bilmir
Bakı, 3 dekabr, AZƏRTAC
Dünyada baş verən hadisələr göstərir ki, beynəlxalq təsisatlar öz vəzifələrinin öhdəsindən gələ bilmir, həmçinin onlara bəslənilən ümidləri doğrultmurlar. Bu, ATƏT-in 20 ildən çoxdur ki, vasitəçi olduğu bizim məsələyə də aiddir. Bu, BMT-nin səlahiyyətində olan məsələlərə də aiddir. Buna görə prinsip etibarilə dünyada beynəlxalq təsisatların deformasiyası gedir. Bu, çox narahatedici, təhlükəli meyildir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev “Rossiya-24” informasiya telekanalına müsahibəsində bildirib.
Dövlətimizin başçısı deyib: “Hesab edirəm ki, dünyanın aparıcı ölkələri burada öz qəti sözlərini deməlidirlər, təkcə bəyanatlarla deyil, həm də qəbul edilən qərarlara hörmət göstərməklə. Yaxud da qərarlar qəbul edilmir, amma tədbirlər görülür - biz bunu müasir dünyada yaxın vaxtlarda dəfələrlə görmüşük. Ona görə də mövcud beynəlxalq əməkdaşlıq mexanizminin qırılması sadəcə total hərc-mərcliyə gətirib çıxaracaq. İndi nə isə təzə bir şey fikirləşib tapmaq çətindir, mövcud beynəlxalq təsisatlarda islahatlar aparmaq daha çətindir, çünki bu istiqamətdə məhdudiyyətlər vardır. Zənnimcə, indiki tarixi mərhələdə yeganə məsuliyyət dünyanın aparıcı ölkələrinin üzərinə düşür. Onlar ilk növbədə, beynəlxalq hüququ pozmamalıdırlar. Onlar beynəlxalq hüququ dəstəkləməlidirlər. Lakin təəssüf ki, çox vaxt belə olmur”.