Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 180 milyonu ötüb
Bakı, 23 iyun, AZƏRTAC
Dünya üzrə yeni koronavirusa yoluxanların sayı 180 milyon nəfəri ötüb.
AZƏRTAC pandemiyanın online statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, bu günə olan məlumata əsasən, bütün dünyada koronavirusa 180 milyon 20 min nəfər yoluxub. Həmçinin infeksiya səbəbindən ölənlərin sayı 3 milyon 900 min nəfərə, sağalanların sayı isə 164 milyon 778 min nəfərə çatıb.
ABŞ COVID-19 infeksiyasına yoluxanların sayına görə dünyada liderlik edir. Burada koronavirusa yoluxanların sayı 34 milyon 434 min nəfəri keçib, 617 min 875 nəfər infeksiya səbəbindən həyatını itirib, 28 milyon 817 mindən çox insan isə sağalıb.
Yoluxanların sayına görə ikinci yerdə qərarlaşan Hindistanda 30 milyon 28 min nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 390 min 691 nəfər vəfat edib, sağalanların sayı isə 28 milyon 994 min nəfərə çatıb.
Yoluxma göstəricisinə görə üçüncü pillədə Braziliya qərarlaşıb. Burada pandemiya dövrü ərzində 18 milyon 56 min nəfər virusa yoluxub, onlardan 504 min 89-u vəfat edib, sağalanların sayı 16 milyon 388 min nəfərdir.
Xatırladaq ki, 2020-ci ilin mart ayında Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib.