ELM VƏ TƏHSİL
ECAR layihəsi üzrə məlumatlandırma sessiyası keçirilib
![ECAR layihəsi üzrə məlumatlandırma sessiyası keçirilib](/files/2021/2/1200x630/16263583842096243900_1200x630.jpg)
Bakı, 15 iyul, AZƏRTAC
Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaş olduğu “Erasmus+ KA2” proqramı çərçivəsində “Azərbaycanda rektorlar konfransının yaradılması” (ECAR) layihəsi üzrə məlumatlandırma sessiyası keçirilib.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, sessiyada çıxış edən beynəlxalq əlaqələr üzrə prorektor Sübhan Namazov layihənin əhəmiyyətindən, ali təhsil qurumları arasında əməkdaşlıq və şəbəkə platforması rolunu oynayacaq rektorlar konfransının qurulması mexanizmindən və Azərbaycanda ali təhsilin inkişafına verə biləcəyi töhfələrindən bəhs edib.
Tədris işləri üzrə prorektor Nurəli Yusifbəyli rektorlar konfransı üzrə Avropa təcrübəsinin Azərbaycanda tətbiqini ali təhsil sahəsinə fayda gətirəcək layihə kimi qiymətləndirib. O, Azərbaycanda belə bir platformanın olmasının zəruriliyini bildirib.
Elm və innovasiyalar üzrə prorektor Çətin Elmas və sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Kamran Rəsulov layihənin uğurla həyata keçirilməsi üçün təklif və tövsiyələrini qeyd edib.
Daha sonra Xarici əlaqələr şöbəsinin layihələr və mübadilə proqramları üzrə baş mütəxəssisi Mətanət Paşayeva layihənin tərəfdaşları, komponentləri, onun nəticələri və uzunmüddətli baxışda təsirləri haqqında ətraflı təqdimatla çıxış edib.
Xarici əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah layihə çərçivəsində görülən işlər barədə məlumat verib.
Məlumatlandırma sessiyasında layihə çərçivəsində fəaliyyətin səmərəli qurulması istiqamətində tövsiyə və təkliflər təqdim edilib.