ƏDLİYYƏ NAZİRLİYİ VƏ DÜNYA BANKI ARASINDA SAZİŞ İMZALANMIŞDIR
Sənədi DB-nin Azərbaycan üzrə meneceri Qreqori Yedjeyçak və ədliyyə naziri Fikrət Məmmədov imzalamışlar.
Sazişin şərtləri və məqsədi barədə məlumat verən Q.Yedjeyçak demişdir ki, dəyəri 34,6 milyon ABŞ dolları olan layihəyə DB 21,6 milyon, Azərbaycan hökuməti 11 milyon, Yaponiya hökuməti isə 3 milyon dollar (xüsusi qrant şəklində) ayırmışlar.
Kredit Beynəlxalq İnkişaf Assosiasiyası tərəfindən cari ilin iyulunda təsdiq edilmiş şərtlərə əsasən ilk 10 ili güzəştli olmaqla 35 illiyə verilmişdir.
Sənəd məhkəmə orqanlarının idarəetmə imkanlarının gücləndirilməsi məqsədi ilə kompyuterləşdirilmiş idarəetmə sistemlərinin qurulması, məhkəmə binalarının inşası və təmiri, arxivlərin və işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, qeydiyyat şöbələri və notarial vasitələrlə vətəndaşların informasiyaya çıxışlarının asanlaşdırılması komponentlərindən ibarətdir.
Azərbaycanda ədliyyə və məhkəmə sisteminində aparılan islahatları yüksək qiymətləndirən Q.Yedjeyçak, üçpilləli məhkəmə sisteminin qurulmasını, hakimlərin şəffaf müsabiqə yolu ilə seçilməsini, hüquqi bazanın möhkəmləndirilməsini həyata keçirilən düzgün siyasətin nəticəsi olduğunu diqqətə çatdırmışdır.
Ədliyyə naziri Fikrət Məmmədov kreditə görə təşəkkür etmiş, Azərbaycanın məhkəmə-hüquq sistemi barədə məlumat vermişdir. Nazir qeyd etmişdir ki, əvvəllər iş prosesində çətinliklər çox olurdu, bəzən bu, süründürməçiliyə gətirib çıxarırdı, məhkəmə binaları müasir tələblərə cavab vermirdi. Prezident İlham Əliyevin tapşırığına əsasən bu sahədə əsaslı dəyişikliklər aparılmış, islahatlar həyata keçirilmiş, məhkəmə sistemi yenidən qurulmuşdur. Hakimlərin müsabiqə yolu ilə seçilməsinə başlanmışdır.
Fikrət Məmmədov bildirmişdir ki, layihə qısa müddətdə hazırlanmışdır. Bu zaman mütəxəssislər başqa ölkələrdə həyata keçirilən oxşar layihələrlə tanış olmuşlar.
İmzalanma mərasimində Ali Məhkəmənin sədri Ramiz Rzayev və Yaponiyanın Azərbaycandakı səfiri Tadahiro Abe iştirak etmişlər.