EKOLOGİYA İLİ AZƏRBAYCAN PREZİDENTİNİN AZƏRBAYCAN TƏBİƏTİNƏ QAYĞISININ TƏCƏSSÜMÜDÜR
Ağsu, 15 may (AZƏRTAC). Dünyanı bürüyən və təbii ki, Azərbaycandan da yan keçməyən ekoloji böhranın acı nəticələri artıq yer kürəsinin hər yerində özünü göstərir. Ekologi sabitliyin təmin olunması, ətraf mühitin qorunması hazırda qlobal problem kimi gündəmdədir. Əslində bütün dövlətlərin, bu işlə məşğul olan elm məkəzlərinin, insanların bu məsələyə ciddi münasibəti xüsusi əhəmiyyət kəsb edir. Təsadüfi deyildir ki, Prezident İlham Əliyev 2010-cu ili “Ekologia ili” elan etmişdir və bu, ölkə başçısının Azərbaycan təbiətinə qayğısının parlaq təcəssümü olmaqla yanaşı, hər birimizdən böyük məsuliyyət tələb edir.
Bu sətirlər Ağsu Rayon İcra Hakimiyyəti başçısı Ənvər Seyidəlievin muxbirimizlə söhbətində səsləndirilmişdir. İcra başçısı “Ekologiya ili” ilə əlaqədar xüsusi tədbirlər planının hazırlandığını və ilin əvvəlindən bəri qarşıda duran vəzifələrin ardıcıl olaraq yerinə yetirildiyini bildirmişdir. Qeyd etmişdir ki, ekoloji sabitlikdə mühüm rol oynayan meşələrin bərpası və mühafizəsi, yeni yaşıllıqların salınması, sel və daşqınların törədə biləcəyi fəlakətlərin qarşısının alınması günün ən vacib qayğılarındandır. Ilin ötən dövründə 5 hektar ərzini əhatə edən və şəhərin şimalında salınan seyrəngahda, Ağsu dolaylarının başlangıcındakı dağ yamaclarında və digər ərazilərdə 20 mindən çox çinar, sərv, Eldar şamı, palıd, dəfnə, qovaq növlərindən olan ağac əkilmişdir. Aramsız yağan yağışlardan sonra bu günlər əhali iməciliklərə çıxaraq yaşıllıqlara qulluq göstərirlər. Hər gün iməciliklərdə təxminən 300-350 nəfər sakin iştirak edir. Onlar əraziləri alaq otlarından təmizləyir, yeni əkilən ağaclara aqrotexniki quluq göstərirlər. Yaşıllıqların mal-qaradan mühafizəsi də diqqət mərkəzindədir.