Ekologiya və təbii sərvətlər naziri Qazaxda vətəndaşları qəbul edib
Bakı, 6 avqust, AZƏRTAC
Avqustun 6-da ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Qazax Olimpiya Kompleksində Qazax, Tovuz, Ağstafa və Şəmkir rayonlarının sakinləri ilə görüşüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, geologiya, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı 50-yə yaxın vətəndaşın şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb.
Nazir vətəndaşların narazılığına səbəb olan halların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.
Görüş zamanı müraciətlərin operativ həlli üçün müvafiq tədbirlər görülüb və onların bir hissəsi elə yerindəcə öz həllini tapıb.
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.