“Ekoloji park”da ARDNŞ-in “Yay Təcrübəsi” proqramının iştirakçıları ilə görüş keçirilmişdir
Bakı, 11 iyul (AZƏRTAC). ARDNŞ-in ödənişli “Yay Təcrübəsi” proqramı layihəsi çərçivəsində respublikanın ali təhsil müəssisələrinin 43 tələbəsi istehsalat təcrübəsi keçmək üçün Ekologiya İdarəsinə göndərilmişdir.
AZƏRTAC xəbər verir ki, idarədə gənclərin yüksək səviyyədə istehsalat təcrübəsi keçməsi üçün müvafiq qaydada qruplar yaradılmış, hər bir qrupun təcrübə rəhbəri təyin olunmuşdur. İyulun 9-da “Ekoloji park”da yerləşən Eko-mərkəzdə İdarə rəhbərliyi ilə tələbələrin görüşü keçirilmişdir. Görüşdə Ekologiya İdarəsinin rəisi Azər Əliyev respublikada aparılan gənclər siyasətindən, tələbələrə göstərilən diqqət və qayğıdan, ARDNŞ-in “Təqaüd Proqramı” çərçivəsində istedadlı və perspektivli gənclərin təhsillərini ölkə daxilində və xarici ölkələrin aparıcı universitetlərində uğurla davam etdirmələrindən ətraflı söz açmışdır.
BDU-nun Ekologiya və Torpaqşünaslıq fakültəsinin müəllimi, tələbələrin təcrübə rəhbəri Əli Hüseynli, Azərbaycan Dövlət Neft Akademiyasının 4-cü kurs tələbəsi Şahbaz Bağırov və digər iştirakçılar çıxış edərək, yaradılan şəraitə və gənclərə göstərilən qayğıya görə minnətdarlıqlarını bildirmişdilər. Sonra tələbələrə “ARDNŞ-in ekoloji layihələri” mövzusunda təqdimat materialı nümayiş etdirilmiş, onlara “Ekoloji park”ın açıq və qapalı şitilxana sahələri ilə yaxından tanış olmaq üçün şərait yaradılmışdır.