Ekoloji Şuranın iclası keçirilmişdir
Bakı, 23 aprel (AZƏRTAC). Azərbaycanda həlli vacib olan ekoloji problemləri müzakirə etmək və ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının iştirakı ilə birgə təkliflər hazırlamaq məqsədi ilə ekologiya və təbii sərvətlər naziri yanında yaradılmış İctimai Ekoloji Şuranın iclası keçirilmişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) AZƏRTAC-a bildirmişlər ki, iclası giriş sözü ilə açan Şuranın sədri, nazir Hüseynqulu Bağırov gündəlikdə duran məsələlər barədə məlumat vermişdir.
“Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi və ictimaiyyəti cəlb etməklə ölkə ərazisində ekoloji riskli zonalar (daşqın, sürüşmə və s.) üzrə monitorinqlərin keçirilməsi və ictimaiyyətin məlumatlandırılması məsələsi ilə əlaqədar məruzələr dinlənilmişdir.
“Milli su təchizatı və kanalizasiya xidmətləri” layihəsi çərçivəsində Şamaxı və Qəbələ şəhərlərinin çirkab sularının təmizlənərək Pirsaatçay və Qaraçaya axıdılması barədə “Azərsu” ASC-nin təklifləri diqqətə çatdırılmışdır.
QHT nümayəndələri də müzakirəyə çıxarılmış məsələlərlə bağlı müxtəlif təkliflər irəli sürmüş, geniş fikir mübadiləsi aparılmışdır.
Sonda ETSN və QHT nümayəndələrindən ibarət monitorinq qruplarının yaradılması, layihədə nəzərdə tutulan ərazilərə baxış keçirilməsi və müvafiq qaydada təkliflərin hazırlanması qərara alınmışdır.