ELEKTRİK XƏTTİNİN ÇƏKİLİŞİNƏ BAŞLANACAQ
“Azərenerji” Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Astara-Astara yüksək gərginlikli elektrikötürmə xəttinin Azərbaycan sahəsinin çəkilişinə yaxın günlərdə başlamaq nəzərdə tutulur. Xüsusi komissiyanın keçirdiyi müsabiqənin qaibi də artıq məlumdur. Bu, respublikamızın “Azekon” firmasıdır.
İşlərin cədvəlinə uyğun olaraq, elektrik xəttinin çəkilişini gələn ilin mart-aprelində sona çatdırmaq üçün hazırlıq tədbirlərinə tezliklə başlanacaqdır.
İnşaatçılar 7,5 kilometr uzunluğunda elektrik xətti çəkməyi, habelə 110 kilovoltluq “Astara” yardımçı stansiyasını genişləndirməyi nəzərdə tuturlar.
Yeni xəttin gücü 110 kilovolt olmalı idi. Lakin Azərbaycan və İran mütəxəssislərinin danışıqlarında perspektivi nəzərdə tutaraq, 220 kilovoltluq elektrik xətti çəkmək qərara alınmışdır.
Layihə İran tərəfinin ayırdığı kredit hesabına həyata keçirilir. Azərbaycan tərəfi krediti İrana ekvivalent həcmdə elektrik enerjisi verməklə qaytaracaqdır.
Mütəxəssislərin fikrincə, layihənin həyata keçirilməsi ölkəmizin cənub rayonlarının enerji təchizatını yaxşılaşdırmağa, habelə sistemlərarası elektrik enerjisi mübadiləsinin həcmini artırmağa imkan verəcəkdir.