Elektron turist vizası verilən əcnəbi vətəndaşların sayı 45 minə çatıb
Bakı, 18 fevral, AZƏRTAC
“Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 2012-ci il tarixli Sərəncamının icrasının təmin edilməsi məqsədilə 2013-cü ilinin mart 15-dən Azərbaycan Respublikasına viza tələb olunan ölkələrdən turizm məqsədilə gələn xarici turistlərə elektron turist vizalarının verilməsi tətbiq edilir.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 2013-cü ilin mart ayından etibarən elektron turist vizası verilən əcnəbi vətəndaşların sayı 45 minə çatıb.
Qeyd olunan bu sistemin yaradılmasında məqsəd ölkəmizə səfər etmək istəyən əcnəbi turistlərin rahat və tez bir zamanda turist vizası əldə etməsini təmin etmək, eləcə də turizm şirkəti turistlərin fərdi və qrup halında səfərlərinin təşkili zamanı tur paketin qiymətinin azalması və ölkəmizə turist axınını artırmaqdır.
Bildirilib ki, Xarici İşlər və Mədəniyyət və Turizm nazirlikləri elektron turist viza sisteminin təkmilləşdirilməsi istiqamətində mütəmadi olaraq müvafiq işlər görməkdədir. Hazırda müvafiq qanunvericiliyə əsasən elektron turist vizası ən gec halda 10 gün ərzində verilir, lakin bunun 5 günə endirilməsi ilə əlaqədar hər iki nazirlik tərəfindən müvafiq işlər görülür.
Qeyd edək ki, elektron turist vizası Nazirlər Kabinetinin 29 iyun 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm şirkətlərinin akkreditasiyadan keçməsi Qaydası"nın tələblərinə uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyindən akkreditasiyadan keçmiş turizm şirkətləri tərəfindən verilir. Bu turizm şirkətlərinin siyahısı Mədəniyyət və Turizm, Xarici İşlər nazirliklərinin və Azərbaycanın xaricdə yerləşən səfirliklərinin veb səhifələrində yerləşdirilir. Qeyd olunan siyahı ilə aşağıdakı linkdən tanış ola bilərsiniz: http://azerbaijan.trpagavel/az/es/138/
Ölkəmizə turist qismində səfər etmək istəyən əcnəbi vətəndaş akkreditasiyadan keçmiş turizm şirkətlərinin hər birinə telefon, email və ya turizm şirkətlərin veb səhifələrində yaradılmış imkanlardan istifadə edərək müraciət edə və tələb olunan sənədləri və 20 ABŞ dolları məbləğində dövlət rüsumunu ödəməklə ən geci 10 gün müddətinə email vasitəsilə elektron turist vizasını ala bilirlər. Elektron turist vizası pasporta yapışdırılmır.