“Elm günü” və dövri sistemin 150 illiyi münasibətilə respublika konfransı öz işinə başlayıb
Bakı, 1 mart, AZƏRTAC
AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun təşkilatçılığı ilə “Elm günü”nə və kimyəvi elementlərin dövri sisteminin 150 illiyinə həsr olunan respublika konfransı keçirilir.
AZƏRTAC xəbər verir ki, konfransı AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Dilqəm Tağıyev açaraq 2019-cu ilin BMT Baş Assambleyası tərəfindən kimyəvi elementlərinin dövri cədvəli beynəlxalq ili elan edildiyini bildirib. Bu hadisə rus alimi D.İ.Mendeleyev tərəfindən kimyəvi elementlərin dövri qanununun kəşf olunmasının 150 illiyinə həsr edilib və dünyanın bir sıra ölkələrinin universitet və elmi mərkəzlərində bununla bağlı tədbirlər keçirilir.
Sonra akademik “Kimyəvi elementlərin dövri sistemi təbiətin fundamental qanunu kimi” mövzusunda məruzə ilə çıxış edib. Diqqətə çatdırılıb ki, Mendeleyevin dövri qanununun kəşfi nəinki o dövrdə məlum olan elementlərin xüsusiyyətlərini sistemləşdirməyə, həm də elmə məlum olmayan elementlərin varlığını proqnozlaşdırmağa və xassələrini təsvir etməyə imkan verib. Dövri qanunla müəyyən edilmiş konsepsiyaların nəzəri əsaslarının inkişafı və praktik tətbiqi bu gün də aktualdır. Qanun kimya proseslərini anlamaq və müasir kimya texnologiyalarının yaradılması üçün əsas verir. Kimyəvi elementlərin dövri sistemini nəzərə alaraq davamlı ərintilər və müəyyən xüsusiyyətləri olan maddələrin alınması, nüvə enerjisindən istifadə və s. məqsədilə işlər aparılır. Dövri qanun XX əsrdə kimya və fizika sahəsində bir sıra kəşflərin əsasında dayanır.
Bakı Dövlət Universitetinin kimya fakültəsinin dekanı, professor Əbdülsəid Əzizov “Dövri sistem kimyanın tədrisində” və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kimya və qeyri-üzvi maddələrin texnologiyası kafedrasının professoru Minurə Ağahüseynova “Dövri sistemin yeni elementlərin kəşfində əhəmiyyəti” mövzularında məruzələrlə çıxış ediblər.
Məruzələr ətrafında geniş müzakirələr aparılıb.
Tədbirdə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Pedaqoji Universitetin müəllim, magistr və tələbələri, Zərifə Əliyeva adına Lisey, BDU-nun nəzdindəki Gənc İstedadlar Liseyi, Avropa Liseyi, 160 nömrəli Klassik Gimnaziya və Bakı şəhəri 192 nömrəli tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.