Elmi İnnovasiyalar Mərkəzində 20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır
Bakı, 21 yanvar (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının Elmi İnnovasiyalar Mərkəzində (EİM) 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuş anma tədbiri keçirilmişdir.
Mərkəzdən AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə EİM-in baş direktoru, professor Fərman Qasımov bildirmişdir ki, 20 Yanvar Azərbaycanın tarixində qanla yazılmış bir səhifədir. Həmin gün xalqımızın yüzlərlə övladı müstəqilliyimiz uğrunda şəhid olmuş və ya yaralanmışdır. Biz bu tarixi təkcə faciə kimi deyil, eyni zamanda, Azərbaycanın müstəqillik tarixinin başlanğıcı kimi qəbul etməliyik.
F.Qasımov vurğulamışdır ki, həmin dəhşətli və faciəli günlərdə xalqın səsinə hər kəsdən əvvəl səs verən ümummilli lider Heydər Əliyev olmuşdur. Ulu öndər hadisədən bir gün sonra ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gələrək faciəni törədənləri, şəxsən Qorbaçovun cinayətkar əməllərini pisləmiş, onları bu faciənin səbəbkarı kimi ittiham etmişdir. Ümummilli lider xalqın təkidi və tələbi ilə ikinci dəfə hakimiyyətə gəldikdən sonra 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı bir sıra mühüm işlər görülmüş, həmin hadisəyə siyasi-hüquqi qiymət verilmişdir.
Tədbirdə 20 Yanvar hadisələrin canlı şahidləri-professorlar Tərbiz Əliyev, Rauf Cəbiyəv, dosent Arzu Hüseynova, texnika elmləri namizədi Tariel Qazızadə, Ziba Salmanova və başqaları çıxış edərək həmin gün ilə bağlı xatirələrini bölüşmüşlər.