Əmək və əhalinin sosial müdafiəsi naziri Ağstafada vətəndaşların müraciətlərini dinləyib





Bakı, 25 aprel, AZƏRTAC
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Ağstafa rayonunda Ağstafa və Qazax rayonlarının sakinlərinin müraciətlərini dinləyib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə Anar Əliyev və Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Sonra vətəndaşların məşğulluq, əlillik, mənzil təminatı, ünvanlı sosial yardım və s. məsələlərlə bağlı müraciətləri dinlənilib. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub. Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.
Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.