Əməkdar jurnalist: Azərbaycan mətbuatı aparıcı rol oynayır
Tbilisi, 18 iyul, AZƏRTAC
Azərbaycan mətbuatının yaranmasının 150-ci ildönümü Gürcüstanda da sevinc və fəxrlə qeyd olunur. İstər soydaşlarımız, istərsə də gürcü jurnalistlər Azərbaycan mətbuatını diqqətlə izləyirlər.
Bu sözləri Gürcüstanın Azərbaycanlı Jurnalistlər Birliyinin sədri, Azərbaycanın Əməkdar jurnalisti Nizami Məmmədzadə AZƏRTAC-a müsahibəsində söyləyib.
O deyib ki, mətbuat yarandığı gündən cəmiyyətin inkişafına xidmət edib, insanların maariflənməsində, ölkədə və dünyada baş verən hadisələrdən xəbərdar olmasında mühüm rol oynayıb: “1875-ci il iyulun 22-də işıq üzü görən “Əkinçi” qəzeti də məhz bu prosesin başlanğıcını qoyub. Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycan mətbuatı inkişaf edib və regionda aparıcı rol oynayır”.
Onun sözlərinə görə, Azərbaycan mətbuatının inkişafından danışarkən ötən əsrin əvvəllərində Tbilisidə nəşr olunan azərbaycandilli qəzet və jurnallar da qeyd olunmalıdır. XX əsrdə isə Azərbaycan dilində çap olunan ilk qəzet Məhəmməd ağa Şahtaxtinskinin 1903-cü ildə Tbilisidə nəşr etdiyi "Şərqi-rus" qəzeti olub: “Qəzetlərdən çoxunun ömrü qısa olsa da, elələri var idi ki, istər ölkə daxilində, istərsə də xaricdə yüksək professionallığı və intellektuallığı ilə özünə çoxlu abunəçilər toplaya bilmişdi. Məsələn, “Molla Nəsrəddin” məcmuəsi Uzaq və Yaxın Şərqdə geniş yayılmışdı. Savadsız abunəçilər "Molla Nəsrəddin" məcmuəsini bəzən onun səhifələrində çap edilən kəskin siyasi karikaturalarına görə alırdılar. Belə qəzet və jurnalların adı Azərbaycan mətbuat tarixində qızıl hərflərlə yazılıb”.
Nizami Məmmədzadə onu da deyib ki, Azərbaycan mətbuat tarixində AZƏRTAC-ın xüsusi yeri var: “AZƏRTAC-ın rolunu xüsusi qeyd etmək istəyirəm. Bu il 105 yaşını qeyd edən AZƏRTAC bizim üçün ən etibarlı, dəqiq və rəsmi informasiya mənbəyidir. AZƏRTAC Azərbaycan, eləcə də, regionla bağlı xəbərlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi