Eray Guçlüer: Azərbaycan Ordusu kifayət qədər modernləşmiş müdafiə qüdrətinə malikdir

İstanbul, 22 fevral, AZƏRTAC
Türkiyədə fəaliyyət göstərən ’’Avrasiya Bir’’ Fondunun məsul əməkdaşı, ehtiyatda olan polkovnik Eray Guçlüer AZƏRTAC-ın xüsusi müxbirinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:
-Hazırda dünyada tüğyan edən terrorçuluğun bu qədər sürətlə yayılmasının səbəbini nədə görürsünüz?
-Dünyadakı ikili standartlar beynəlxalq münasibətlərdə kifayət qədər ciddi problemlər yaradıb. Heç bir terror təşkilatı öz-özlüyündə yarana bilməz. Terror təşkilatlarının arxasında böyük güclər və davamlı maliyyə qaynaqları dayanır. Təəssüf ki, dünyadakı ikili standartlar terrorçuluğa münasibətdə də özünü ortaya qoyub. XX əsrdə Azərbaycanın və Türkiyənin tarixində çox ağır terror hadisələri yaşanıb. Çoxlu sayda böyük dövlət xadimlərimiz və diplomatlarımız, sıravi vətəndaşlarımız erməni terrorizminin qurbanı olublar. Amma ötən dövrdə dünya birliyi erməni terrorizminə heç də yetərincə nifrətlə baxmadı. Təbii ki, belə olan halda cinayətə meyilli digər qüvvələr də terrorizm fəaliyyətinə başladılar. Bəzən böyük güclər həyata keçirə bilmədikləri siyasəti terror təşkilatlarının əli ilə reallaşdırmağa cəhd göstərirlər.
-Ümummilli lider Heydər Əliyev “terrorçunun dini və milləti” olmaz fikri ilə tanışsınızmı?
-Bəli. Bu, ulu öndər Heydər Əliyevin vaxtında tamamilə doğru olaraq dediyi və həmişə öz dəyərini saxlayacaq bir ifadədir. Terrorçu və separatçı qüvvələrin cəzasızlığı terrorizmə və separatçılığa maraq göstərən qüvvələri həvəsləndirir. Təcavüzkar Ermənistan Azərbaycan torpaqlarının 20 faizini başqa-başqa qüvvələrin köməyi ilə işğal altında saxlayır. Dünya birliyinin bu ədalətsizliyə göz yumması səbəbindən digər dövlətlərdə də separatçılıq meyilləri artır. Heç kimə sirr deyil ki, əgər maraqlı qüvvələr Ermənistanın arxasından çəkilsələr Azərbaycan tərəfi Dağlıq Qarabağ problemini ən qısa zamanda ədalətli bir formada həll edər.
-Azərbaycan Ordusunun vəziyyətini necə dəyərləndirirsiniz?
-Mən uzun illər Azərbaycanda xidmət etmişəm. Azərbaycan Ordusu kifayət qədər modernləşmiş müdafiə qüdrətinə malikdir. Amma ordunun ən mühüm göstəricisi əsgərin psixoloji hazırlığıdır. Azərbaycan əsgərinin psixoloji durumu çox yüksək səviyyədədir. Azərbaycan Ordusunun ən böyük gücü isə Ali Baş Komandan İlham Əliyevin yenilməz iradəyə və cəsarətə sahib olmasıdır.
-Yaxın Şərqdə baş verən münaqişələr Dağlıq Qarabağ probleminə necə təsir göstərə bilər?
-Ermənistan tərəfi həmişə dəyişən ictimai-siyasi vəziyyətlərə uyğun olaraq Azərbaycan və Türkiyəyə qarşı təxribatlar həyata keçirib. İstisna deyil ki, təcavüzkar tərəf Yaxın Şərqdəki gərginlikdən istifadə edərək Dağlıq Qarabağ ətrafında hərbi vəziyyəti gərginləşdirməklə digər hərbi qüvvələri də münaqişə bölgəsinə cəlb etməyə çalışır. Amma bütün dünya, o cümlədən ermənilər yaxşı başa düşürlər ki, istənilən halda Türkiyə Ordusu Azərbaycan xalqının yanındadır. İndiki vəziyyət sovetlər birliyinin süqutu ərəfəsindəki durumla müqayisədə tamamilə fərqlidir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul