“EREN PORT” ŞİRKƏTİNİN DİREKTORU GÜLTƏKİN ERENİN ÇIXIŞI
Hörmətli Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov!
Dəyərli qonaqlar, xanımlar və cənablar!
Bu gün mənim və şirkətim üçün çox əlamətdar bir gündür. Çünki iki ilə yaxındır inşa etdiyimiz Bakı aerovağzal kompleksi və Naxçıvan beynəlxalq hava limanı bu gün istismara verilir. Bununla da muxtar respublikanın hava qapısı dünya ölkələrinə açılır.
2002-ci il avqustun 11-də türk dünyasının böyük oğlu, Prezidentimiz Heydər Əliyevə Naxçıvan beynəlxalq hava limanı ilə bağlı layihəni və maketi göstərəndə məndən soruşmuşdu: Bu hava limanını 2003-cü ilin axırına qədər başa çatdıra biləcəksənmi?! Bunu məndən soruşan zaman bu müddətin çox qısa olduğunu özü də bilirdi. Mən də onun dəstəyinə və münasibətinə güvənərək, heç qorxmadan “bəli, Prezidentim”, deyərək, söz verdim.
Tikinti işlərinə başlayan zaman hava şəraitinin 15-20 ildən çox bir vaxtda görünməyən şəkildə soyuq keçməsi səbəbindən işlərimizin 4 ay geçikməsinə baxmayaraq, bütün gücümüzü səfərbər edərək, rekord müddətdə, söz verdiyimiz vaxtda işi başa çatdırdıq. Prezidentə verdiyim sözü yerinə yetirməkdən böyük qürur duyuram. Əminəm ki, Prezidentimiz də bu an burada, hamımızın qəlbində qürurla xatırlanır.
İcazənizlə, görülən işlərlə bağlı məlumat vermək istəyirəm. İndi gördüyünüz aerovağzal binasının sahəsi 8600 kvadratmetrdir. İki mərtəbədən ibarətdir. Beton örtüklü uçuş-enmə zolağı isə 177 min 720 kvadratmetrdir. Gördüyünüz betonların arasında qoyulmuş tikinti materiallarının uzunluğu 80 kilometrdir. Biz bunu Yaponiyadan və Almaniyadan alıb gətirmişik.
Naxçıvan əhalisinə hədiyyə etdiyimiz bu hava limanını beynəlxalq standartlara uyğun tikmək üçün bütün işçi qüvvəsi səfərbər olunmuşdu. Bunun üçün yerli mütəxəssislərlə yanaşı, Türkiyədən və Avropadan da mütəxəssislər cəlb olunmuşdu. Türkiyənin Atatürk hava limanının tikintisində iştirak etmiş inşaatçılarımızın çoxu burada çalışmışdır. Tikintinin əvvəlindən sonunadək keçən 14 ay ərzində inşaat işlərində 700-ə yaxın insan çalışmışdır. Bunun 60 faizindən çoxu naxçıvanlı olmuşdur. Azərbaycanlı işçi və mütəxəssislərin sərf etdikləri vaxt 1 milyon 27 min saata bərabərdir.
Bu əsərin ortaya çıxması üçün lazım olan avadanlıq, cihaz və ləvazimatlar İngiltərədən, Fransadan, Danimarkadan, Almaniyadan, Rusiyadan, İrandan, Ukraynadan, Slovakiyadan, Koreyadan, Çindən, Yaponiyadan və Türkiyədən gətirilmişdir. Bu, doğrudan da böyük təşkilati iş olmuşdur. Eyni zamanda, xaricdən gətirilən materiallarla bərabər, yerli tikinti materiallarından da maksimum dərəcədə istifadə edilmiş, Azərbaycan iqtisadiyyatına xeyli gəlir verilmişdir.
Onu da bildirmək istəyirəm ki, şirkətimiz tərəfindən tikilən uçuş-enmə zolağından eynisi Atatürk hava limanında da yaradılmışdır. Ümumiyyətlə, görülən işlərdə hörmətli Cahangir Əsgərovun böyük rolu olmuşdur. Bizə göstərdikləri diqqət və qayğıya görə ona təşəkkür edirəm. O, hər bir işlə maraqlanmış, qarşıya çıxan problemləri həll etmişdir. Eyni zamanda, Naxçıvanda üzləşdiyimiz hər cür problemi çox qısa zamanda həll edən hörmətli Vasif Talıbova və onun müavinlərinə minnətdarlığımı bildirirəm. Bizimlə çiyin-çiyinə bu tikintinin başa çatdırılmasına çalışan bütün insanlara təşəkkür edirəm.
Mən özümü kənar ölkədə hiss etmədim. Bu barədə dahi şəxsiyyət, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” müdrik kəlamının nə qədər həqiqət olduğunu yerinə yetirdiyimiz işlərin nəticəsində də görmək olar. Tikinti dövründə bütün sahələrdə dostluq, qardaşlıq əhval-ruhiyyəsi hökm sürmüşdür. Bİz bunu təkbaşına görə bilməzdik, hamımız birlikdə gördük.
Hörmətli cənab Prezident!
Biz, ölkənizə gəlmiş bütün türk iş adamları Heydər Əliyevin bizə yaratdığı əlverişli şəraitin Sizin tərəfinizdən davam etdirilməsinin şahidiyik. Mən Sizə iş adamları və şirkətim adından ürəkdən gələn dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Sizi, dünya ölkələrinin dövlət başçıları arasında ən cavan lideri görməkdən çox məmnunam və son dərəcə məsuliyyətli işinizdə Sizə müvəffəqiyyətlər diləyirəm.
Əminəm ki, beynəlxalq standartlara uyğun tikilmiş Azərbaycanın yeni hava qapısı – Naxçıvan beynəlxalq hava limanı vasitəsilə Avropaya və digər ölkələrə hava yolları açılacaq və bizim hava limanı dünya hava limanları arasında öz layiqli yerini tutacaqdır. Bu möhtəşəm hava limanının açılışı münasibətilə hamınızı bir daha ürəkdən təbrik edirəm. Xeyirli, uğurlu olsun!
X X X
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə nitq söylədi.