“Erməni silahlılarının törətdiyi təxribat Vaşinqtonda aparılan danışıqlar prosesini pozmağa yönəlib” - hərbi ekspert
Bakı, 28 iyun, AZƏRTAC
Danışıqlarda hansısa bir irəliləyişin əldə olunacağı ehtimalı artanda Ermənistanın təxribat törətməsi bir növ vərdiş halı alıb. Azərbaycanın dəfələrlə sülh sazişi üzrə danışıqlarda müsbət addımlar atmasına rəğmən, erməni tərəfi danışıqlar prosesini pozmaq üçün həm sərhəddə, həm də Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə müxtəlif təxribatlara əl atıb. Son aylar, xüsusilə də Laçın sərhəd keçid məntəqəsinin quraşdırılmasından sonra erməni silahlılarının təxribatı daha da intensivləşib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev söyləyib.
O bildirib ki, Vaşinqtonda Azərbaycan və Ermənistan arasında başlanan danışıqlar prosesini pozmaq üçün erməni silahlıları bu dəfə də eyni ssenari üzrə təxribat törətdilər. Azərbaycan mövqelərinə atəş açdılar və bir hərbi qulluqçumuzu yaraladılar. Bu təxribat Rusiya sülhməramlı missiyasının müvəqqəti nəzarətində olan ərazidə baş versə də, Rusiya kontingentinin komandanlığı hələlik bu məsələyə adekvat münasibət bildirməyib. Eynilə Laçın sərhəd-keçid məntəqəsində yaralanan sərhədçimizə dair də biz Rusiya tərəfindən məntiqli açıqlama görmədik.
Qeyd olunub ki, bu təxribatlar Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə aparılan danışıqlara kölgə salmaq, bu danışıqları uzun müddətə təxirə salmaqdan ibarət idi. İllər olduğu kimi, bu dəfə də əsgərimizin yaralanmasına görə Azərbaycan Ordusunun cavabı çox gecikmədi. Ordumuzun həyata keçirdiyi “Qisas” əməliyyatı nəticəsində ilkin məlumatlara görə, qanunsuz erməni hərbi birləşmələrinin beş üzvü məhv edildi.
Hərbi ekspertin sözlərinə görə, düşmən tərəfdən canlanma müşahidə olunur. Erməni silahlılarının növbəti təxribatlara əl atması üçün müəyyən hərəkətlənmələr, yerdəyişmələr həyata keçirilir. Azərbaycanın bu məsələdə mövqeyi isə tamamilə şəffafdır. Qarabağ ərazisində erməni təxribatçıları qalmayacaq. Əgər erməni qanunsuz separatçıları silahı təhvil verib ərazini tərk etməzlərsə, təxribatlarına davam edərlərsə, Azərbaycan tərəfinə Azərbaycan ərazisindən Azərbaycan əsgərinə atəş açarlarsa, o zaman bu kimi təxribatlar daha ciddi şəkildə cəzalandırıla bilər. Erməni təxribatlarına Azərbaycanın cavabı kifayət qədər sərt və adekvat olacaq. Azərbaycan ərazisində bir nəfər də erməni silahlısı qalmayacaq. Ya erməni silahlısı silahını təhvil verib ərazimizi tərk edəcək, ya da legitim hədəf kimi ordumuz tərəfindən məhv ediləcək.
“Bu fəaliyyətlərimizi daha əvvəl Fərrux, Sarıbaba, Qırxqız əməliyyatları, mühüm yüksəkliklərin azad edilməsi, Laçının Sus və Zabux kəndlərinin düşməndən təmizlənməsi, Laçın sərhəd-keçid məntəqəsinin quraşdırılması zamanı düşmən tərəfinə nümayiş etdirmişik. Təxribatların Rusiya kontingentinin təkidi ilə həyata keçirilməsi də ehtimal olunur. Çünki Laçın sərhəd-keçid məntəqəsində atəşkəsin pozulması və orada əsgərimizin yaralanmasından sonra Rusiya kontingenti erməni silahlıları ilə təmaslarını kifayət qədər intensivləşdirib. Bu baxımdan onların Azərbaycana qarşı fəaliyyətlərə istiqamətləndirildiyi istisna olunmur”, - deyə Ə.Verdiyev vurğulayıb.