“Erməni terroru; Xocalı soyqırımı–20” mövzusunda tədbir keçirilmişdir
Bakı, 27 fevral (AZƏRTAC). Fevralın 27-də Həsən bəy Zərdabi adına Dünya Azərbaycanlıları Xeyriyyə Cəmiyyətinin nəzdində terrora qarşı beynəlxalq ideoloji mübarizə mərkəzinin təşkilatçılığı ilə “Erməni terroru; Xocalı soyqırımı-20” mövzusunda tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Xocalı soyqırımı qurbanlarının faciəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Həsən bəy Zərdabi adına Dünya Azərbaycanlıları Xeyriyyə Cəmiyyətinin nəzdində terrora qarşı beynəlxalq ideoloji mübarizə mərkəzinin sədri Səttar Zərdabi tədbir haqqında məlumat vermişdir.
Bildirilmişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xocalını işğal etmişlər. Həmin gecə şəhər əhalisindən 613 nəfər öldürülmüş, 1000-dən artıq sakin müxtəlif dərəcəli güllə yarası alaraq şikəst olmuş, 1275 nəfər - qocalar, uşaqlar, qadınlar girov götürülərək ağlasığmaz zülmlərə məruz qalmışlar. Onlardan 150 nəfərinin taleyi hələ də məlum deyildir.
Diqqətə çatdırılmışdır ki, insanlığa qarşı yönəlmiş bu cinayətə siyasi və hüquqi qiymət yalnız ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilmişdir. 1994-cü ildə ümummilli lider Heydər Əliyevin imzaladığı fərmanlarla bu faciə xalqımıza qarşı törədilən soyqırımı kimi qiymətləndirilmiş, Milli Məclisin qərarı ilə 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan olunmuşdur. 1997-ci il fevralın 25-də “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” imzalanmış Fərmana əsasən isə hər il fevralın 26-da saat 17.00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilir.
Daha sonra Xocalı soyqırımının beynəlxalq miqyasda tanınması üçün aparılan işlərdən danışılmışdır. Vurğulanmışdır ki, 2012-ci il yanvarın 17-də Prezident İlham Əliyev “Xocalı soyqırımının iyirminci ildönümü haqqında” Sərəncam imzalamışdır. Bu il 50-dən çox ölkədə Xocalı soyqırımına dair tədbirlər keçirilmişdir. Fevralın 26-da keçirilmiş ümumxalq yürüşü isə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında hökumətin həyata keçirdiyi məqsədyönlü siyasətin bariz nümunəsidir.
Türkiyə səfirliyinin gömrük məsələləri üzrə müşaviri Ramazan Ulus Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan hökuməti tərəfindən həyata keçirilən tədbirləri yüksək qiymətləndirmişdir. O, Türkiyənin həmişə Azərbaycanı dəstəkləyəcəyini diqqətə çatdırmışdır.
Digər çıxışlarda da Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən danışılmış, gec-tez erməni cinayətkarlarının cəzalarını alacaqlarına əminlik ifadə olunmuşdur.