Ermənistan Azərbaycan ərazisində qeyri-qanuni silahlı birləşmələri saxlamaqla vəziyyəti gərginləşdirir – AÇIQLAMA
Bakı, 11 sentyabr, AZƏRTAC
Ermənilərin bölgədəki son təxribatları, sərhədə qoşun yığması Azərbaycana təzyiq vasitəsidir. Çünki Ermənistan Azərbaycan Ordusunun imkanlarının səviyyəsini, hazırlıq vəziyyətini bilir və prosesləri yaxından izləyir. Bu səbəbdən sərhəddəki gərginliklər Cənubi Qafqazda maraqları toqquşan və Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını istəməyən qüvvələrin siyasətinin nəticəsidir.
Bunu AZƏRTAC-a hərbi jurnalist, ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.
Ekspert yaranmış gərginliyə və onun fəsadlarına görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü qeyd edib: “Ermənistanın baş naziri Nikol Paşinyan hazırda təzyiq altındadır. Bəzi dövlətlərə Azərbaycanla toqquşmağın Ermənistan hakimiyyəti üçün faciəvi yekunlaşacağı məlumdur. Məhz bu səbəbdən N.Paşinyan Fransa prezidenti, Almaniya Kansleri ilə telefon söhbətlərindən dərhal sonra Azərbaycan Prezidenti ilə təcili danışıqlar aparmasına hazır olduğunu deyib. Ermənilər artıq hiss edir ki, sərhəddə baş verə biləcək hər hansı təxribat Ermənistanın sonu ola bilər. Ümumiyyətlə, Paşinyanın tez-tez fikir dəyişdirməsi, onun güclü siyasətçi olmadığını göstərir”.
Ehtiyatda olan polkovnik vurğulayıb ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və xarici ölkələrdəki diplomatlarımız, səfirlərimiz sərhəddə baş verən təxribatlarla bağlı dünya ictimaiyyətini məlumatlandırırlar: “Eyni zamanda, Ali Baş Komandan İlham Əliyev ölkəmizin haqlı mövqeyini bütün beynəlxalq platformalarda dəfələrlə bildirib. Çünki burada söhbət məhz Azərbaycan ərazisindən gedir. Bizim heç bir zaman Ermənistana qarşı ərazi iddiamız olmayıb. Əksinə, Azərbaycan bütün dünyanın tanıdığı öz torpaqları uğrunda savaşıb. Ölkəmiz 44 günlük Vətən müharibəsində qazandığı parlaq Zəfərdən sonra sülh müqaviləsinin imzalanması üçün böyük addımlar atır. Təəssüflər olsun, Ermənistan bunun əksinə, Azərbaycan ərazisində hələ də qeyri-qanuni silahlı birləşmələri saxlayır və vəziyyətin gərginləşməsi üçün əlindən gələni edir. Ermənilər ölkəmizin separatizmə son qoyacağını bilməlidirlər. Azərbaycan Prezidenti ABŞ-ın Dövlət katibi Antoni Blinkenlə sonuncu telefon söhbətində də bu fikri bir daha onun diqqətinə çatdırıb və dövlətimiz tərəfindən separatizmin bütün təzahürlərinin qəbulolunmaz olduğunu bildirib. Qondarma rejimdəki keçirilən prezident seçkiləri mənasız və perspektivi olmayan fəaliyyətdir”.