FAO torpaq resurslarının münbitsizləşməsinə qarşı mübarizəyə çağırır
Bakı, 25 iyul (AZƏRTAC). Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) məhdud torpaq resurslarının münbitsizləşməsinin qarşısını almaq və gələcək nəsilləri yetərincə ərzaq, su və enerji ehtiyatı ilə təmin etmək məqsədi ilə torpaq resurslarının vəziyyətini yaxşılaşdırmağa dair təxirəsalınmaz işlər görməyə çağırıb.
Eroziya, qüvvədən düşmə, bərkimə və kimyəvi çirklənmənin səbəb olduğu münbitsizləşmə indiyə qədər bütün dünyada torpaq resurslarının təqribən 33 faizini əhatə edib.
FAO-nun baş direktorunun müavini Mariya Helena Semedo deyib: “Torpaq ərzaq, yem, yanacaq və lif istehsalının əsasını təşkil edir”. O vurğulayıb ki, torpaqsız Yer kürəsində həyatı qoruyub saxlamaq mümkün deyil.
İtirilmiş torpaq resurslarını bir nəslin dövründə bərpa etmək olmur. Torpaqların gücdən düşməsinin indiki sürəti gələcəyə ciddi təhlükədir.
Bu məqsədlə FAO-nun iclasında torpaqlardan sabit istifadəyə və onların qorunmasına dair Qlobal Fəaliyyət Planı qəbul edilib.
Aclığın aradan qaldırılmasına, ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə və yoxsulluğun azaldılmasına şərait yaratmağa tuşlanan plan təsirli hüquqi normaların işlənib hazırlanmasını və torpaq resurslarının sabit idarə olunması üzrə layihələrə dövlət investisiyalarının artırılmasını nəzərdə tutur.
FAO-dan bildiriblər ki, dünyada məhsuldar torpaqların sahəsi azalır, onlara tələbat isə artır. Dünya əhalisinin artaraq, 2050-ci ilə qədər 9 milyard nəfəri ötəcəyi gözlənilir. Bu cür vəziyyət ərzağa, yem və lifə tələbatın 60 faiz artmasına gətirib çıxaracaq, torpaq resurslarının daha da yüklənməsi ilə nəticələnəcəkdir.