“Fənərbağça”nın prezidentindən götürülmüş narkoloji testin cavabı müsbət çıxıb
Bakı, 24 dekabr, AZƏRTAC
Narkotiklərlə bağlı aparılan istintaq çərçivəsində saxlanılan “Fənərbağça” klubunun prezidenti Sadəttin Saranın saç nümunəsində kokain izlərinə rast gəlinib.
AZƏRTAC Türkiyə mətbuatına istinadən xəbər verir ki, Məhkəmə Tibbi Ekspertiza İnstitutunun hesabatı artıq İstanbul Baş Prokurorluğuna təqdim edilib.
Məsələ ilə bağlı sosial şəbəkə hesabından açıqlama yayımlayan klub prezidenti isə iddia olunan maddəni heç vaxt istifadə etmədiyini bildirib: “Mən onu nəinki istifadə etmək, ümumiyyətlə görməmişəm. Bu iddialar şəxsən məni hədəf alan, nüfuzuma və şəxsi hüquqlarıma xələl gətirmək, eləcə də təmsil etdiyim qurumları sarsıtmaq məqsədi daşıyan açıq böhtan kampaniyasıdır”.
O, yenidən analiz verməyə hazır olduğunu vurğulayıb: “Məhkəmə Tibbi Ekspertiza İnstitutu tərəfindən təkrar testin aparılması üçün prokurorluğa rəsmi olaraq müraciət ediləcək. Bundan əlavə, bütün nümunələr beynəlxalq səviyyədə ixtisaslaşmış müstəqil test təşkilatlarında mümkün qədər tez yoxlanılacaq və nəticələr ictimaiyyətə açıqlanacaq. Bir daha vurğulamaq istəyirəm ki, həqiqətin elmi metodlarla və universal standartlara uyğun olaraq ortaya çıxacağına dair heç bir şübhəm yoxdur”.
Qeyd edək ki, Türkiyədə istintaq çərçivəsində Sadəttin Saranla yanaşı, bir sıra sənət adamları da saxlanılıb. “Fənərbağça”nın prezidenti sonradan ölkəni tərk etməmək şərti ilə azadlığa buraxılıb.