FHN-in Muğan Regional Mərkəzinin təşəbbüsü ilə müşavirələr keçirilib
Bakı, 1 dekabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi (FHN) Muğan Regional Mərkəzinin təşəbbüsü ilə Şirvan şəhər, Salyan, Hacıqabul, Saatlı, Sabirabad, Neftçala, İmişli və Biləsuvar Rayon İcra hakimiyyətlərində, həmçinin Elm və Təhsil Nazirliyinin Şirvan-Salyan və Mil-Muğan Regional Təhsil idarələrinin həmin şəhər və rayonlarda fəaliyyət göstərən təhsil sektorlarında “2025-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirələr keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müşavirələrin keçirilməsində əsas məqsəd mülki müdafiə sahəsində mövcud vəziyyət, problemlər və onların həlli yollarının müzakirəsindən ibarət olub. Çıxış edənlər keçirilən tədbirlərin əhəmiyyətindən bəhs edib, mülki müdafiə işinin təşkili ilə bağlı birgə fəaliyyətin vacibliyini vurğulayıblar.
Muğan Regional Mərkəzinin əməkdaşları tərəfindən ərazidə yerləşən mülki müdafiə obyektlərində keçirilmiş monitorinqlərin nəticələri haqqında məlumat verilib. Həmçinin qeyd olunub ki, bu ilin təqvim planına uyğun olaraq idarə və təşkilatlara mülki müdafiə üzrə metodiki yardım göstərilib.
Müşavirələrdə qarşıdan duran vəzifələr geniş müzakirə edilib, suallar cavablandırılıb, videoçarx nümayiş olunub.