FİDE-NİN FƏXRİ PREZİDENTİ FLORENSİO KOMPOMANESİN MƏTBUAT KONFRANSI
Sentyabrın 4-də FİDE-nin fəxri prezidenti Florensio Kompomanes qadınlar arasında 2-ci beynəlxalq turnirin keçirildiyi “ÜNS” teatrında mətbuat konfransı təşkil etmişdir.
O demişdir ki, Bakıya bir daha gəlməsindən məmnundur. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin şahmatın inkişafında rolundan danışan Florensio Kompomanes xatırlatmışdır ki, 1983-cü ildə şahmat tacı uğrunda seçmə oyunda Viktor Korçnoy ilə görüşdən imtina edən Harri Kasparov məğlub hesab edilmişdi. SSRİ Şahmat Federasiyasının təkidi ilə Ərəb Əmirliklərində Macarıstan qrossmeysteri Zolotan Ribli ilə yarımfinal oyununda mübarizə aparmaqdan imtina edən Vasili Smıslov da məğlub sayılmışdı. İlk baxışdan ümidsiz görünən vəziyyətdə Heydər Əliyev H.Kasporovun köməyinə gəldi, FİDE-ni sovet qrossmeysterlərinə məğlubiyyət verməməyə razı saldı. Korçnoy və Riblidən üzr istənildi və onlara xeyli məbləğdə kompensasiya ödənildi. Oyunlar keçirildi və hər iki sovet şahmatçısı qalib gəldi.
Bakı turnirindən danışan F.Kompomanes bildirmişdir ki, bir çox ölkələr Azərbaycan paytaxtından nümunə götürməlidir. Mətbuat konfransında iştirak edən FİDE-nin vitse-prezidenti Zurab Azmayparaşvili demişdir ki, güclü kişi şahmatçıları ilə tanınan Azərbaycanın qadınlar arasında mötəbər şahmat turniri keçirməsi ikiqat sevindiricidir.
O vurğulamışdır ki, FİDE planetin ən güclü qrossmeysteri adı uğrunda çempion silsiləsi keçirilməsini təkmilləşdirmək niyyətindədir. FİDE-nin prezidenti Kirsan İlyumjinov bu məqsədlə “Globalchess” şirkətini yaratmışdır. Bu şirkət bilavasitə menecment məsələləri ilə məşğuldur. Qran-pri turnirləri şahmatın təbliği istiqamətində ilk addımlardan biridir. Bu turnirlər gələn ildən dünyanın ən güclü şahmatçılarının iştirakı ilə keçiriləcəkdir.