FİNLANDİYA AZƏRBAYCAN İLƏ BÜTÜN SAHƏLƏRDƏ ƏMƏKDAŞLIQDAN RAZIDIR
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sədr Aydın Əliyev Azərbaycan ilə Finlandiya arasında mövcud əlaqələrdən, dost ölkələrimizin əməkdaşlıq sahəsində inkişaf edən münasibətlərindən söhbət açmış, ötən ilin sentyabrında Finlandiya Prezidenti xanım Tarya Halonenin Azərbaycana səfərini, Prezident İlham Əliyevlə keçirdiyi görüşlərin münasibətlərin inkişafında yeni mərhələ açdığını diqqətə çatdırmışdır.
İqtisadi sahədə əlaqələrə gəlincə, komitə sədri qeyd etmişdir ki, ölkələrimiz arasında ilbəil artan ticarət dövriyyəsi bu istiqamətdə əməkdaşlığın da uğurlu inkişafından xəbər verir.
Ölkələrimizin gömrük xidmətləri arasındakı əlaqələrdən danışan DGK sədri, münasibətlərin inkişafından razılığını ifadə etmiş, Azərbaycan ilə Finlandiya arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında sazişin münasib vaxtda imzalanacağına ümidvar olduğunu bildirmişdir.
Komitə sədri Finlandiya Milli Gömrük İdarəsinin baş direktoru Tapani Erlinqlə bu ilin fevralında Bakıda Avropa Regionu Gömrük Xidmətləri Rəhbərlərinin beynəlxalq konfransında keçirdiyi görüşü xatırlayaraq, gömrük xidmətləri arasında əlaqələrin hazırkı vəziyyətini yüksək qiymətləndirmişdir.
Səfir Avropa strukturlarına inteqrasiya yolunu tutmuş Azərbaycan ilə Finlandiya arasındakı istər siyasi, istərsə də iqtisadi sahədə əməkdaşlıqdan razılıqla söhbət açaraq demişdir: “Təbii ki, bu sıx münasibətlər gömrük sferasına da təsirsiz qalmır”. Azərbaycan Ümumdünya Gömrük Təşkilatının fəal üzvüdür”.
Qonaq, eyni zamanda Ümumdünya Gömrük Təşkilatının yaxın günlərdə keçiriləcək sessiyası ilə bağlı Finlandiya Milli Gömrük İdarəsinin baş direktoru T.Erlinqin məktubunu Aydın Əliyevə təqdim etmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.