Fövqəladə Hallar Nazirliyinin Akademiyasında təlim-məşq keçirilib
Bakı, 6 mart, AZƏRTAC
Martın 6-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında “FHN-in Akademiyası kursantlarının bilik və bacarıqlarının artırılması məqsədilə yanğın qəza-xilasetmə işinin aparılması taktikası” mövzusunda təlim-məşq keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, nazirliyin əsas fəaliyyət planına uyğun olaraq keçirilən təlim-məşqin təşkilatçıları Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri baş idarəsi, Baş əməliyyat idarəsi, Dövlət Yanğından Mühafizə Xidməti və nazirliyin Akademiyası olub.
Tədbirin keçirilməsində məqsəd kursantların yanğın təhlükəsizliyinə dair nəzəri biliklərinin daha da artırılması, onlara sözügedən sahə ilə bağlı peşəkar vərdişlərin aşılanması olub.
Təlim-məşqin birinci mərhələsində şərti olaraq baş vermiş yanğının qarşısının alınması, əhalinin təxliyəsi, ilkin tibbi yardımın göstərilməsi mövzularında maarifləndirmə məşğələsi keçirilib, yanğın təhlükəsizliyinə dair məlumatlar verilib.
Tədbirin ikinci - praktik mərhələsində isə xüsusi texnika və canlı qüvvənin iştirakı ilə şərti olaraq baş vermiş yanğının söndürülməsi, təxliyə və ilkin tibbi yardımın göstərilməsi üzrə məşqlər keçirilib.
Təlim-məşqdə ümumilikdə 10 xüsusi texnika və 30-a yaxın yanğın xilasedicisi, eyni zamanda həkim briqadası, FHN-in yuxarıda adı çəkilən qurumlarının məsul əməkdaşları, Akademiyanın şəxsi heyəti və kursantları iştirak ediblər.