FRANKONUN PANTEONU AZADLIQ MEMORİALINA ÇEVRİLƏCƏK
İspaniya Nazirlər Kabinetinə yaxın mənbə Frankonun hərbi qiyama başlamasının 70 illiyi ilə əlaqədar bildirmişdir ki, tarixi yaddaş haqqında qanun layihəsi artıq hazırdır və tezliklə qəbul ediləcəkdir. Onun bəndlərindən biri diktatorun panteonuna aiddir.
Madridin yaxınlığında yerləşən bu vadi diktaturanın hakimiyyəti dövründə 20 il ərzində yaradılmış çox böyük xatirə kompleksidir. Siyasi məhbusların qüvvəsi və məşəqqətli əməyi ilə dağ massivinn qayaları çapılıb, məbəd düzəldilmişdir. Qayanın üstündə 150 metr hündürlüyündə xaç qoyulmuşdur. Vadidə həlak olmuş siyasi məhbusların - inşaatçıların xatirəsinə muzey yaradılacaqdır. Bu insanların çoxu işgəncə və dözülməz əmək nəticəsində həlak olmuşdur.
Xatırladaq ki, Franko 1936-cı il iyulun 18-də İspaniya Respublikasının qanuni hökumətinə qarşı qiyam qaldırmışdı. O, Hitlerin və Mussolininin köməyi ilə üçillik vətəndaş müharibəsində qalib gəldikdən sonra ölkədə totalitar rejim yaratmışdı. Bu rejimə yanlız 1975-ci ildə, diktatorun ölümündən sonra son qoyulmuşdur.
Vətəndaş müharibəsi illərində bir milyondan çox ispaniyalı həlak olmuşdur. Müharibədən sonrakı siyasi repressiyalar zamanı 150 min insan məhv edilmişdir. 500 min insan həbsxana və ölüm düşərgələrindən keçmişdir. 30 min ispaniyalı itkin düşmüşdür.