FRANSA MİLLİ ASSAMBLEYASININ QƏBUL ETDİYİ QANUN AVROPA İNSAN HÜQUQLARI KONVENSİYASINA ZİDDİR
İnstitutun direktoru, professor Rövşən Mustafayev Fransanın bəzi siyasətçiləri, siyasi qurumları ilə erməni terrorçu təşkilatları və onların rəhbərləri arasında sıx əlaqəyə dair 1980-ci illərdən başlayaraq ABŞ, Fransa və erməni mətbuatında müxtəlif dövrlərdə dərc olunmuş konkret faktları açıqlamışdır. O, erməni terror təşkilatlarının, xüsusilə də ASALA-nın təkcə Fransada törətdiyi onlarla terror aksiyası, bu zaman qətlə yetirilmiş, yaralanmış türklərin, eləcə də fransızların, digər millətlərdən olan dinc sakinlərin sayı barədə bu ölkənin özünün açıqladığı məlumatlarla jurnalistləri tanış etmişdir. Politoloq ermənilərin bu yolla ömürlük həbs cəzasına məhkum edilmiş bir neçə ən məşhur erməni terrorçusunu azadlığa buraxmağa nail olduqlarını da vurğulamışdır. Xatırlatmışdır ki, təkcə 1981-ci il oktyabrın 25-də ASALA Parisdə bu məqsədlə 15 partlayış törətmiş, həmin gün Türkiyə səfirliyinə ölümlə nəticələnən silahlı basqın həyata keçirmişdi. Məhz bu aksiyalardan sonra Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin alovlu təbliğatçılarından olan ASALA rəhbəri Monte Melkonyan dörd köməkçisi ilə birlikdə azadlığa çıxmışdı. Yalnız bundan sonra Fransada ASALA ilə razılaşma əldə olunduğu diqqətə çatdırılmışdır. Bütün bunlar Fransadakı bir sıra hakim siyasi dairələrin Ermənistan və onun terrorçu təşkilatları ilə bağlılığını sübut edən faktların yalnız bir hissəsidir, - deyə professor qeyd etmiş və bildirmişdir ki, məhz belə gizli əlaqələr sayəsində Fransada Avropa və sivil dünya birliyi üçün rüsvayçı bir qanun qəbul olunmuşdur.
Qəbul olunmuş qanunun Avropa İnsan Hüquqları Konvensiyasının hər bir kəsin fikir və söz azadlığını nəzərdə tutan 10-cu maddəsinin tələblərinə zidd olduğunu şərh edən R.Mustafayev, hər bir vətəndaşın, dövlətin elə həmin Konvensiyanın 34-cü maddəsinə əsasən Strasburqda yerləşən Avropa İnsan Hüquqları Məhkəməsi qarşısında bununla bağlı iddia qaldırmaq hüququnun olduğunu da xatırlatmışdır.
Sonra jurnalistləri maraqlandıran suallar cavablandırılmışdır.