Fransada koronavirus xəstələrinə görə planlaşdırılmış cərrahiyyə əməliyyatları təxirə salınır
Paris, 9 mart, AZƏRTAC
Fransada son sutkada COVID-19 pandemiyasından 360 ölüm faktı qeydə alınmaqla, pandemiya qurbanlarının ümumi sayı 89 mini keçib.
AZƏRTAC Fransa Səhiyyə İdarəsinə istinadla xəbər verir ki, xəstəxanalarda koronavirus xəstələrinin sayı artmaqda davam edir. Reanimasiya şöbələrində 3849 ağır koronavirus xəstəsi olduğu bildirilərək, vəziyyətin daha da gərginləşdiyi diqqətə çatdırılıb. Ölkədə koronavirus xəstələri üçün çarpayı və tibbi heyət çatışmazlığının qarşısını almaq məqsədilə digər xəstəliklər üzrə planlaşdırılmış cərrahiyyə əməliyyatlarının 40 faizi təxirə salınıb. Bildirilib ki, reanimasiya şöbələrinə daxil olan koronavirus xəstələrinin 3 həftə, bəzən isə bir ay xəstəxanada qalması çarpayı və tibbi heyət çatışmazlığı yaradır. Planlaşdırılmış cərrahiyyə əməliyyatlarının təxirə salınması xəstəxanalarda çarpayı ehtiyacını, eləcə də koronavirus xəstələrini kifayət qədər tibbi heyətlə təmin etməyə imkan yaradacaq.
Mütəxəssislər isə cərrahiyyə əməliyyatlarının təxirə salınmasının vəziyyətinin kritik olmasından xəbər verdiyini vurğulayaraq, vaxtında virusun yayılmasının qarşısını almaq istiqamətində lazımi tədbirlər görülməsini tələb edirlər. Virusun yayılmasının qarşısının alınmasında karantin rejiminin əvəzsiz olduğu bildirilir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris