FRANSANIN ÖLKƏMİZDƏKİ SƏFİRİ NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİNDƏ OLMUŞDUR
Ali Məclisin sədri qonaqları səmimi salamlayaraq muxtar respublikanın statusu, idarəetmə quruluşu, təbiəti, əhalisi, iqtisadiyyatı, elm və təhsil sahələri haqqında məlumat vermiş, Fransa-Azərbaycan əlaqələrinin inkişafından məmnunluğunu bildirmişdir.
Qeyd olunmuşdur ki, ümummilli liderimiz Heydər Əliyev Prezident seçildikdən sonra ilk səfərini Fransa Respublikasına etdiyi kimi, onun siyasi kursunun ləyaqətli davamçısı İlham Əliyev də Prezident kimi xarici səfərini Fransa Respublikasından başlamışdır. Bunlar xalqlarımızı bir-birinə daha çox yaxınlaşdırır. Qarşılıqlı əlaqələrimizə müsbət təsir göstərir.
Muxtar respublikada iqtisadiyyatın yüksəlməsi, əhalinin rifah halının daha da yaxşılaşması, yeni iş yerlərinin açılması üçün Fransa şirkətləri ilə qarşılıqlı əməkdaşlıq imkanları vardır. Bu imkanlardan səmərəli istifadə olunması hər iki ölkə üçün müəyyən fayda verə bilər.
Ali Məclisin sədri məlumat vermişdir ki, indi orta məktəblərimizdə fransız dilinin öyrənilməsinə maraq xeyli artıb, Naxçıvan Dövlət Universitetində fransız dili kabineti yaradılıb.
Vasif Talıbov Naxçıvan Muxtar Respublikasının 15 ildir ki, Ermənistan tərəfindən blokadaya alındığını xatırlatmış, qonşu ölkə ərazisindən muxtar respublikaya gələn bütün kommunikasiya qurğularının məhv edildiyini, Ermənistan ərazisindən keçən 44 kilometr dəmiryolunda relslərin sökülüb satıldığını diqqətə çatdırmışdır.
Ali Məclisin sədri Azərbaycanın bütün bölgələri kimi Naxçıvanda da din və vicdan azadlığı olduğunu, müxtəlif millətlərdən olan xalqların dincyanaşı və mehriban yaşadığını, dini mənsubiyyətinə görə təqiblərə məruz qalmadıqlarını vurğulamışdır.
Fransa Respublikasının fövqəladə və səlahiyyətli səfiri Bernar Amodrik dü Şafo səmimi görüşə və ətraflı məlumata görə minnətdarlığını bildirmiş, Naxçıvana səfərinin iki ölkə arasında əlaqələrin daha da inkişafına xidmət edəcəyini vurğulamışdır.