Gəncə III Azərbaycan Beynəlxalq vokalçılar festivalını qəbul edib
Bakı, 18 dekabr, AZƏRTAC
III Azərbaycan Beynəlxalq vokalçılar festivalının üçüncü günü Gəncədə keçirilən konsertlə yadda qalıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Xalq artisti Rafael Bayramovun dirijorluğu ilə Gəncə Dövlət Filarmoniyasının kamera orkestri doğma səhnədə çıxış edərək, Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa edib. Xalq artisti Sevinc İbrahimova, Əməkdar mədəniyyət xadimi Mehparə Cəfərova, gənc ifaçılar Rüstəm Cəfərov və Vasif Bayramovun kompozisiyaları səsləndirilib.
Tədbirə toplaşanlar, həmçinin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri Taleh Yəhyayev, Mahir Tağızadə və Günel Hacıyevanın çıxışlarını hərarətlə qarşılayıblar.
Əfsanəvi müğənni Müslüm Maqomayevin repertuarında olan ən məşhur mahnılardan biri - “Azərbaycan” mahnısının ifa edilməsi tamaşaçılarda xüsusi coşqunluğa səbəb oldu. Məhz bu kompozisiya tamaşaçıların xahişi ilə konsertin sonunda təkrar ifa olunub.