Gəncədə ali məktəblərə yüksək balla qəbul olmuş məzunlarla görüş keçirilib
Gəncə, 12 sentyabr, Elcan Məmmədov, AZƏRTAC
Gəncədə ali məktəblərə yüksək balla qəbul olmuş məzunlarla görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev 2022-2023-cü tədris ilində Gəncə şəhər ümumi təhsil məktəblərindən 2961 şagirdin məzun olduğunu bildirib. Qeyd edilib ki, onlardan 1497 nəfəri respublikanın, 133 nəfəri isə xarici ölkələrin ali məktəblərinə qəbul olunub. Qəbul olan məzunların 181 nəfəri 500-dən, 54 nəfəri 600-dən, 8 nəfəri isə 650-dən yüksək bal toplayıb. Anar Qədiməliyev, həmçinin Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunlarının da yüksək nailiyyətlər əldə etdiyini diqqətə çatdırıb.
Tədbirdə iştirak edən rəsmilər məzunları təbrik edib, onlara öz tövsiyələrini verib və bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıblar.
Məzunlar onlara göstərilən etimadı doğruldacaqlarına söz verərək, ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Daha sonra məzunlara hədiyyələr təqdim olunub. Eyni zamanda, yüksək bal toplamış məzunların təhsil aldıqları orta məktəblərin direktorları təhsilin inkişafında göstərdikləri xidmətlərə görə "Təşəkkürnamə" ilə təltif ediliblər.