Gəncədə polis serjantına mənzil təqdim olunub
Gəncə, 2 iyul, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan polisinin yaranmasının 103-cü ildönümü münasibətilə Gəncə Şəhər Baş Polis İdarəsi Kəpəz Rayon İdarəsinin əməkdaşı, polis serjantı Hüseynov Kürdoğlu Xəlifə oğluna mənzil təqdim olunub. Təqdimat mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Teymur Hacıyev və digər hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2009-cu ildən hüquq-mühafizə orqanlarında xidmət edən polis serjantı Kürdoğlu Hüseynov uzun illərdir kirayədə yaşadığını qeyd edərək, ona göstərilən diqqətə görə dövlət başçısı Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və şəhər rəhbərliyinə minnətdarlığını bildirib.
Qeyd olunub ki, Azərbaycan polisi 103 il müddətində şərəfli bir yol keçərək, Vətənə, xalqa sədaqətlə və ləyaqətlə xidmət edib, dövlətçiliyin əsas sütunlarından birinə çevrilib. Həmçinin bildirilib ki, ölkədə asayişin qorunması istiqamətində var gücü ilə çalışan DİN işçiləri dövlətin diqqət və qayğısı ilə əhatə olunub.
Kürdoğlu Hüseynov Kəlbəcər rayonundan məcburi köçkündür. Onun qardaşı Mirzə Hüseynov Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olub.