MƏDƏNİYYƏT
“Gəncədən Bakıya” layihəsi çərçivəsində konsert proqramı təqdim edilib
Bakı, 29 noyabr, AZƏRTAC
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə “Gəncədən Bakıya” layihəsi çərçivəsində “Mahnı və romans” axşamı baş tutub.
Bu barədə AZƏRTAC-a Gəncə Dövlət Filarmoniyasından məlumat verilib. Gecədə Xalq artisti Sevinc İbrahimova, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, Əməkdar artist Tural Abdullayev, Gəncə Dövlət Filarmoniyasının solistləri Rüstəm Cəfərov, Vasif Bayramov Niyazinin “Vətən nəğməsi”, Fikrət Əmirovun “Gülüm”, Süleyman Ələsgərovun “Vətənimdir”, Vasif Adıgözəlovun “Qərənfil”, Ramiz Mustafayevin “Məlahət sultanı” romanslarını, Tofiq Quliyevin “Sevdiyim qız”, “Lirik mahnı”, Səid Rüstəmovun “Alagöz”, Cahangir Cahangirovun “Ana”, Sevil Əliyevanın “Qayıt, əzizim”, Ağabacı Rzayevanın “Könlüm” mahnılarını ifa ediblər.
Sonda Müslüm Maqomayevin “Azərbaycan” mahnısı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.