“Gəncə”nin baş məşqçisi: “Sabah”la oyunda sürpriz etmək istəyirik
Bakı, 12 yanvar, AZƏRTAC
“Komandamız qarşıdakı oyuna səylə hazırlaşır. Qış istirahəti ilə bağlı düşərgəni tərk edən basketbolçular bir-bir qayıdırlar. Bazar gününə qədər matça hazır olacağıq”.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Gəncə” basketbol komandasının baş məşqçisi Bedri Meriç klubunun mətbuat xidmətinə açıqlamasında deyib.
Türkiyəli mütəxəssis bütün diqqətin həftəsonu Gəncədə “Sabah”la keçirəcəkləri oyuna yönəldiyini deyib: “Rəqibimiz liqanın səviyyəsindən üstün olan kollektivdir. Avrokubok yarışları üçün yığılmış heyəti var. Təqvimlə bağlı bəxtimiz gətirməyib. Ardıcıl olaraq iddialı komandalarla oynayırıq. Çempionatın üç ən yaxşı klubu ilə indi də evdə qarşılaşacağıq. Liqanın əvvəlində tam olaraq hazır deyildik, zaman keçdikcə, uyğunlaşma yarandı. Uşaqlar bir-birilərinə inanırlar. Öz meydanımızda oynamağın üstünlüyü də var. “Sabah”la matçda sürpriz etmək istəyirik. Gəncədəki oyunlarda rəqibləri çətin vəziyyətə salmağa çalışacağıq. Onları asan mübarizə gözləmir. Pley-off yolunda üstünlük qazanmaq istəyirik”.
Basketbolçuların fasilə müddətindəki fərdi hazırlığından da danışan B. Meriç oyunçuların çəki ilə bağlı probleminin yaranmadığını vurğulayıb: “Tətilə gedən oyunçuların məşq proqramını özüm izlədim. Hamısı tapşırıqlara uyğun çalışdılar. Fiziki cəhətdən hər hansı problem yoxdur. Məşqdən də geri qalmayıblar. Düşərgəyə yaxşı durumda qayıdıblar”.
Qeyd edək ki, yanvarın 14-də oynanılacaq "Gəncə" - "Sabah" qarşılaşması saat 18:00-da start götürəcək.