Gəncliyə Yardım Fondunun nümayəndələri “Xocalını unutma” devizi altında Türkiyədə silsilə tədbirlər keçirmişlər
Bakı, 26 fevral (AZƏRTAC). Fevralın 26-da saat 14.00-da Xocalı soyqırımının 20 illiyi ilə əlaqədar Taksim meydanında təşkil ediləcək yürüşdə iştirak etmək və insanlara Azərbaycan həqiqətlərini çatdırmaq üçün Gəncliyə Yardım Fondunun nümayəndələri “Xocalını unutma” devizi altında Türkiyədə silsilə tədbirlər keçirmişlər.
Fondun mətbuat şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə bir çox hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, nüfuzlu elm adamları və müxtəlif universitetlərin tələbələri iştirak etmişlər.
Əvvəlcə Vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilmişdir.
Tədbirdə Aziz Mahmud Hüdayi Vəqfinin fəxri başqanı Osman Nuri Topbaş qeyd etmişdir ki, biz azərbaycanlı qardaşlarımızla əsrlərdir “iki dövlət, bir millət” olaraq eyni sevinclərin və iztirabların tək ürəyi olaraq yaşadıq. Çanaqqalada şəhid olan qəhrəman azərbaycanlı qardaşlarımız bunun bariz nümunəsi, Azərbaycandakı türkiyəli şəhidlər də bunun nişanəsidir. Bu vəsiləylə, Xocalı qırğınını tarix qarşısında bir daha şiddətlə qınayırıq. Oradakı azərbaycanlı qardaşlarımızla ürəklərimiz eyni ağrını yaşayır, eyni iztirabı paylaşır, eyni hislərlə döyünür. O gündən bu günə gəlinən nöqtə, gələcək gözəl günlərin müjdəçisi olacaqdır.
İnanırıq ki, Azərbaycan xalqı öz şəxsiyyətində daha güclü bir millət olacaqdır. Nəticədə Qarabağ torpağı, təkrar Azərbaycanın olacaqdır.
Daha sonra çıxış edən Gəncliyə Yardım Fondunun təhsil şöbəsinin müdiri Sedat Demir tədbir iştirakçılarına Xocalı soyqırımı haqqında geniş məlumat vermişdir. Bildirmişdir ki, 1992-ci il fevralın 26-sı türk dünyası və Azərbaycan üçün ən ağrılı günlərdən olduğu kimi, insanlıq üçün də ən ağrılı və qaranlıq səhifələrdən biridir. 20 il əvvəl erməni işğalçı qüvvələri Azərbaycanın ən gözəl şəhərlərindən biri olan Xocalıya hücum edərək, bu mənfur hadisəni reallaşdırmışlar. Qadın, uşaq və qoca demədən hər kəsə divan tutan ermənilər tarixin ən vəhşi hadisəsini törətmişlər. Heç bir türk oğlu bu ədalətsizliyə göz yuma bilməz. Bu, sadəcə Azərbaycanın dərdi deyil, həm də qardaş Türkiyənin dərdidir. Bizim sevincli günlərimiz bir olduğu kimi, kədərli günlərimiz də birdir. Bu gün bizim əsas borcumuz və vəzifəmiz tariximizi unutmamaq və həqiqəti dünya ictimaiyyətinə çatdırmaqdır.
Natiq onu da qeyd etmişdir ki, “Xocalıya ədalət” beynəlxalq kampaniyası 2008-ci il mayın 8-i, Şuşanın işğalı günü Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyeva tərəfindən irəli sürülmüşdür. Hazırda faciənin mənəvi və siyasi-hüquqi tanınmasına yönəlmiş bu kampaniya dünyanın 30-dən çox ölkəsində uğurla həyata keçirilir.
Daha sonra “Elm yurdu” sosial ictimai birliyinin sədri Elşad Mahmudov və Bakı Dövlət Universitetinin müəllimi Qoşqar Səlimli tədbir iştirakçılarına Azərbaycan tarixi haqqında geniş məlumat vermişlər.
Tədbirdə, həmçinin bildirilmişdir ki, bu çərçivədə Gəncliyə Yardım Fondu da bir çox tədbirlər həyata keçirmişdir. Ermənilərin “Qarabağ erməni torpağıdır” iddialarına cavab olaraq “Qarabağ: Suallar və faktlar” kitabı Fond tərəfindən nəşr edilmiş, fərqli dillərə tərcümə edildikdən sonra Anadolu türkcəsinə uyğunlaşdırılmış və Türkiyə Böyük Millət Məclisində təqdimat mərasimi keçirilərək türk oxucularına təqdim edilmişdir. Mövzu ilə bağlı həm Türkiyədə, həm də Azərbaycanda bir çox tədbirlər və konfranslar təşkil edilmişdir.